İngiltərənin “Aston Villa” futbol klubu Almaniyanın “Frayburq” komandasında çıxış edən və İsveçrə millisinin üzvü Yohan Manzambinin transferini razılaşdırıb.
İdman.Biz xəbər verir ki, jurnalist Florian Plettenberqin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, bonuslar da daxil olmaqla transferin ümumi dəyəri təxminən 70 milyon avro təşkil edəcək.
Birmingem təmsilçisi futbolçu uğrunda mübarizədə “Nyukasl”ı qabaqlayıb. Daha əvvəl əsas namizəd hesab olunan klubun təklifinə baxmayaraq, Manzambi yekun razılıq verməyib. Mənbənin məlumatına görə, futbolçunun nümayəndələri onun məhz “Aston Villa”ya keçmək istədiyini klub rəhbərliyinə çatdırıblar.
Tərəflər uzunmüddətli müqavilə ilə bağlı razılığa gəliblər. Futbolçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra transfer rəsmiləşəcək.
Manzambi ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxaraq yeddi qol vurub və altı məhsuldar ötürmə edib. O, həmçinin Avropa Liqasında mövsümün ən yaxşı gənc futbolçusu seçilib.
İsveçrəli yarımmüdafiəçi 2026-cı il dünya çempionatında da uğurlu çıxışı ilə diqqət çəkib. O, mundialda keçirdiyi 4 oyunda üç qol vurub, iki məhsuldar ötürmə verib. İsveçrə millisi isə 1/4 finalda Argentinaya 1:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
