Yamal 19 yaşını dünya çempionatında qeyd edir

13 İyul 2026 12:43
98
Yamal 19 yaşını dünya çempionatında qeyd edir

İspaniya millisinin futbolçusu Lamin Yamal bu gün - iyulun 13-də 19 yaşını qeyd edir.

İdman.Biz xəbər verir ki, dünya futbolunun ən parlaq gənc istedadlarından sayılan Yamal ad gününü DÇ-2026-da qarşılayır. İspaniya millisi mundialda mübarizəsini davam etdirir və çempionluğa əsas namizədlərdən biri hesab olunur.

Artıq sabah ispaniyalılar yarımfinalda Fransa ilə üz-üzə gələcəklər. Qələbə qazanacaqları təqdirdə, Yamal 19 yaşını dünya çempionatının finalına yüksəlməklə qeyd etmək imkanı əldə edəcək və İspaniyaya tarixində ikinci dünya çempionluğunu qazandırmaq uğrunda mübarizəni davam etdirəcək.

Lamin Yamal 2007-ci il iyulun 13-də Espluqes-de-Lyobreqatda anadan olub. O, "Barselona"nın akademiyasının yetirməsidir və Kataloniya klubunun əsas komandasında cəmi 15 yaşında debüt edib.

Yamal İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olub. O, 19 yaşına qədər artıq üç dəfə İspaniya çempionu, ölkə kubokunun qalibi, həmçinin ikiqat İspaniya Superkubokunun sahibi olmağı bacarıb.

Gənc futbolçu DÇ-2026-da da tarixə düşüb. O, dünya çempionatında bir turnir ərzində altı oyun keçirən ən gənc futbolçu olub. Yamalın aktivində 1 qol var, İspaniya millisi isə turnirin əsas çempionluq favoritlərindən biri sayılır.

İdman.Biz