“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində TNS komandasına qarşı cavab oyununda Böyük Britaniyada yaşayan azərbaycanlıların dəstəkləyəcəyi gözlənilir”.
Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.
O, komandanın dünən qarşılaşmanın keçiriləcəyi Osvestri şəhərinə çatdığını xatırladıb.
“Bu gün, yerli vaxtla saat 18:30-da matç öncəsi mətbuat konfransı, 19:00-da isə açıq məşq olacaq. Oyunda komandamızı Böyük Britaniyada yaşayan həmvətənlərimizin dəstəkləyəcəyi gözlənilir. Dəqiq say sabah bəlli olacaq”, - deyə o report.az-a bildirib.
Qeyd edək ki, “Sabah” - TNS matçı iyulun 14-də, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. İlk görüşdə Azərbaycan çempionu iki cavabsız qolla qalib gəlib.
