İspaniyanın “Atletiko Madrid” futbol klubunun hücumçusu Xulian Alvaresin “Barselona”ya keçidi real transfer prosesindən daha çox çətin arzuya çevrilib.
İdman.Biz xəbər verir ki, Madrid klubu argentinalı futbolçunu 150 milyon avrodan (təxminən 300 milyon manat) aşağı məbləğə buraxmaq niyyətində deyil. Bu tələb “Barselona”nın hazırkı maliyyə imkanlarından uzaq hesab olunur.
Məsələnin əsas məqamı isə Alvaresin DÇ-2026 zamanı gələcəyi ilə bağlı dediyi sözlərdir. Onun ayrılığa işarə etməsi “Atletiko Madrid”də narazılıq yaradıb. Klub rəhbərliyi hesab edir ki, futbolçunun turnir vaxtı belə açıqlama verməsi komandaya və azarkeşlərə qarşı düzgün addım deyil.
Bu səbəbdən hazırda ən real ssenari Alvaresin “Barselona”ya keçidi yox, Madridə qayıdaraq klubla münasibətləri yoluna qoymasıdır. Hücumçunun açıqlamalarına görə üzr istəməsi və yenidən “Atletiko Madrid” formasında çıxışını davam etdirməsi ehtimalı artır.
“Barselona” Alvaresi hücum xətti üçün ideal transfer kimi görür. Lakin kataloniyalılar həm “Atletiko Madrid”i razı salmalı, həm də 150 milyon avroluq əməliyyat üçün ciddi satışlar həyata keçirməlidirlər. Hazırda belə təklif yoxdur.
Qeyd olunur ki, “Atletiko Madrid” Alvaresi layihənin əsas simalarından biri sayır və “Barselona”nın transferin vaxtını diktə etməsinə imkan vermək istəmir.
