“ İlk növbədə, Panamanı qürurla təmsil etmək istəyirik”.
Bunu “Turan Tovuz”un panamalı müdafiəçisi Roderik Miller futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Braziliyaya 2:6 uduzduğunuz oyunu necə dəyərləndirirsiniz?
– Braziliya dünyanın ən yaxşı komandalarından biri olduğunu bir daha göstərdi. Nəticə istədiyimiz kimi olmadı, amma düşünürəm ki, bizim üçün müsbət məqamlar da var idi. Belə oyunlar səhvlərini üzə çıxarır, eyni zamanda inkişaf etməyinə də kömək edir. Dünya səviyyəli futbolçulara qarşı mübarizə apardıq və bu, Dünya Kuboku öncəsi çox dəyərli təcrübə oldu.
– Bu oyun dünya çempionatı öncəsi sizə nə verdi? Braziliya ulduzları ilə danışmaq imkanınız oldumu?
– Bu oyun bizə özünəinam və vacib dərslər qazandırdı. Belə səviyyəli futbolçulara qarşı oynayanda dünya çempionatında uğur qazanmaq üçün nələrin lazım olduğunu daha yaxşı anlayırsan. Şəxsən mənim üçün Vinisius və digər ulduz futbolçulara qarşı oynamaq xüsusi hiss idi. Oyundan sonra bəziləri ilə bir neçə kəlmə danışmaq imkanım oldu. Adətən televiziyada izlədiyin futbolçularla eyni meydanı bölüşmək həmişə xoşdur.
– Panama yığmasının dünya çempionatı üçün gözləntiləri və hədəfləri nələrdir?
– İlk növbədə, Panamanı qürurla təmsil etmək istəyirik. Bilirik ki, bir çoxları digər komandaları favorit hesab edəcək, amma futbolda hər şey meydanda həll olunur. Məqsədimiz hər oyunda rəqabət aparmaq, ölkəmiz üçün tarix yazmaq və Panamanın güclü komandalara qarşı mübarizə apara bildiyini göstərməkdir. Biz mundiala sadəcə iştirak etmək üçün deyil, böyük ambisiyalarla gedirik.
– 2019-cu ildə baş vermiş oyun alqı-satqısına görə “Turan Tovuz”un Avropa kuboklarında iştirakına icazə verilməməsi ehtimalı var. Bu vəziyyətdən xəbəriniz varmı?
– Düzünü desəm, həmin işin bütün detalları mənə məlum deyil. Buna görə də məsələnin hüquqi tərəfi ilə bağlı fikir bildirməyimin düzgün olacağını düşünmürəm. Deyə biləcəyim odur ki, mövsüm ərzində klubdakı hər kəs meydandakı hədəflərimizə çatmaq üçün çox çalışdı. Komanda olaraq əldə etdiklərimizlə fəxr edirik.
– UEFA-nın qərarının sonda CAS-da sizin xeyrinizə olacağını düşünürsünüzmü?
– Kluba və bu işlə məşğul olan insanlara güvənirəm. Onlar faktları məndən qat-qat yaxşı bilirlər. Futbolçu olaraq bizim edə biləcəyimiz yeganə şey futbola fokuslanmaq və işləməyə davam etməkdir. Ümid edirəm ki, nəticə müsbət olacaq, çünki komanda bu imkanı meydanda qazandı. Amma prosesə hörmət etməli və yekun qərarı gözləməliyik. Nə baş verməsindən asılı olmayaraq, bu mövsüm komandanın meydanda qazandığı uğurları heç kim əlindən ala bilməz. Biz buna ağır zəhmət, fədakarlıq və nəticələr hesabına nail olmuşuq.
