İspaniyanın “Atletiko Madrid” futbol komandasının hücumçusu Xulian Alvarez “Barselona”nın əsas transfer hədəflərindən biri olaraq qalır.
İdman.Biz xəbər verir ki, Hansi Flikin komandası 26 yaşlı futbolçu üçün 100 milyon avro (193 milyon AZN) təklif edib. Madrid təmsilçisi bu təklifi qəbul etməyib. “Mundo Deportivo” daha əvvəl “Barselona”nın Alvarez üçün 100 milyon avrodan artıq sabit məbləğ ödəmək istəmədiyini yazıb.
“Barselona” prezidenti Joan Laporta klubun Alvarez üçün rəsmi təklif göndərdiyini və qərarın “Atletiko Madrid”dən asılı olduğunu bildirib. O, argentinalının komandadan ayrılmaq istədiyini, eyni zamanda kataloniyalıların təklifinin müddətsiz olmadığını vurğulayıb.
Dekonun və Hansi Flikin hücumçunun transferində maraqlı olduğu bildirilir. Lakin razılıq əldə olunmasa, “Barselona” alternativ variantlara yönələcək. Kataloniya təmsilçisi “Atletiko Madrid”i razı salmaq üçün böyük maliyyə riskinə getməyi planlaşdırmır.
Qeyd edək ki, “Atletiko Madrid”in baş direktoru Migel Anxel Xil Marin klubun Alvarezi satmaq niyyətində olmadığını və hətta 150 və ya 200 milyon avroluq təkliflərə də razılıq verməyəcəklərini açıqlayıb.
