Məhkəmə “Barselona” prezidenti Joan Laportaya qarşı fırıldaqçılıq iddiasını rədd edib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən bunu bildirir.
Rəsmi şəxsə qarşı İspaniya şirkəti olan "Core Store" və Honkonqda yerləşən “CSSB Limited” şirkəti ilə əlaqələrlə bağlı üç iddia qaldırılmışdı. “Barselona”nın vitse-prezidenti Rafa Yuste və klubun keçmiş direktorları Xavyer Sala-i-Martin və Joan Oliver də şübhəlidirlər.
“CoreStore"un strateji planı “Reus Deportiu”nu İspaniya futbolunun dördüncü divizionundan ikinci diviziona aparmaq idi, “CSSB Limited”in məqsədi isə Çində “La Masia” üslubunda futbol akademiyası yaratmaq idi. Laporta və Oliver “Core Store”un menecerləri kimi siyahıya alınıblar; sonuncu həmçinin klubun ləğvindən əvvəl “Reus Deportiu”nun baş direktoru olub.
Mənbənin məlumatına görə, Barselona Əyalət Məhkəməsi 2016-cı ildə layihələrə 100.000 avro sərmayə qoyan keçmiş tennisçi Albert Ramosun Laportaya qarşı qaldırdığı işi bağlamaq qərarına gəlib. Layihə uğursuzluğa düçar olduqdan sonra Ramos Oliver və onun məsləhətçisini saxtakarlıqda ittiham edərək, sonuncunun yalançı ödəmə qabiliyyəti görüntüsü yaratdığını və investisiyanın aşağı riskli olduğuna inandırdığını iddia edib. O, həmçinin layihə ilə əlaqəsi olmayan şəxslərin, o cümlədən Laporta, Yuste və Sala-i-Martinanın adlarından istifadə edərək onun etimadını qazanıb.
Məhkəmə, yuxarıda adı çəkilən şəxslərin investisiya üçün yem kimi istifadə edildiyinə dair dəlillərin olmamasını əsas gətirərək, Ramosun arqumentlərini rədd edib. Məhkəmə layihənin mümkün olduğunu və Ramosun iki il ərzində dividend aldığını, investor öhdəliklərinin sonradan ödənilməməsinin isə “gözlənilməz hallar”, o cümlədən "Reus Deportiu"nun 2019-cu ilin əvvəlində Peşəkar Futbol Liqasından qovulması və koronavirus pandemiyasının təsiri ilə bağlı olduğunu vurğulayıb.
Məhkəmə həmçinin Ramosun layihənin statusu, defolt səbəbləri və təklif olunan kredit yeniləməsi barədə məlumata malik olduğuna qərar verib və bu da qəsdən aldatma ehtimalını “mümkünsüz” edib. Qeyd olunur ki, Ramosun iddiası ilə bağlı məhkəmənin qərarı Laportaya qarşı eyni şirkətlərə investisiya qoyan investorların şikayətləri əsasında başlanan iki digər işin nəticəsinə təsir göstərə bilər.
