2026/2027 mövsümünə hazırlıq çərçivəsində “Kardiff Siti” və İtaliyanın “Roma” komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, komandalar Uelsin Kardiff şəhərindəki “Kardiff Siti” stadionunda oynayıblar. Ev sahibi komanda 4:1 hesablı qələbə qazanıb.
Üçüncü dəqiqədə yarımmüdafiəçi Cian Aşford “Kardiff Siti”ni irəli çıxarıb. 30-cu dəqiqədə hücumçu Yusif Saleh komandasının üstünlüyünü ikiqat artırıb. 35-ci dəqiqədə "Roma"nın hücumçusu Paulo Dibala penaltidən yararlana bilməyib. Aşford 39-cu dəqiqədə ikinci dəfə fərqlənib. 58-ci dəqiqədə Dibala bir cavab qolu vurub. 64-cü dəqiqədə müdafiəçi Olli Tanner ev sahibi komandanın dördüncü qoluna imza atıb.
"Roma" 24 avqustda İtaliya A Seriyasının birinci turunda "Fiorentina"nı qəbul edəcək. "Kardiff Siti" isə 17 avqustda Çempionşipin açılış matçında evdə "Reksem"lə qarşılaşacaq.
