İran DÇ-2026-ya ev sahibliyi edəcək ölkələrə bir sıra şərtlər irəli sürüb

10 May 2026 02:14
313
İran DÇ-2026-ya ev sahibliyi edəcək ölkələrə bir sıra şərtlər irəli sürüb

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, Tehran 2026-cı il dünya çempionatına ev sahibliyi edən ölkələrə milli komandanın tədbirdə iştirakını təmin etmək üçün bir sıra şərtlər irəli sürüb və zəmanət tələb edib.

İdman.Biz bildirir ki, bu şərtlərə viza verilməsi, işçilərə hörmətlə yanaşma, İran bayrağı və dövlət himni daxildir. Tehran həmçinin hava limanlarında, otellərdə və komandanın oynayacağı stadionlara aparan yollarda yüksək səviyyədə təhlükəsizlik tələb edir.

“Biz turnirdə iştirak edəcəyik, amma inanclarımızdan, mədəniyyətimizdən və baxışlarımızdan imtina etməyəcəyik. Bütün oyunçular və məşqçi heyəti üzvləri, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunda hərbi xidmətini başa vuranlar, heç bir problem olmadan viza almalıdırlar”, - deyə “Le Parisien” qəzeti Tacdan sitat gətirib.

ABŞ dövlət katibi Marko Rubio iranlı futbolçuların isti qarşılanacağına əminlik verib, lakin xəbərdarlıq edib ki, ABŞ İran nümayəndə heyətinin İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqəsi olan bəzi üzvlərinin ölkəyə girişinə icazə verə bilməz.

İran milli komandası 2026-cı il dünya çempionatına vəsiqə qazanıb və Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacağı G qrupunda yer alıb. Komandanın hər üç oyununun ABŞ-da keçirilməsi planlaşdırılır.

2026-cı il dünya çempionatı gələn yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina hazırkı dünya çempionudur.

İdman.Biz