“Mançester Yunayted” və İngiltərə millisinin keçmiş müdafiəçisi Rio Ferdinand sosial mediada “Barselona”nın hücumçusu Lamin Yamalı tərifləyib.
İdman.Biz bildirir ki, Ferdinand Yamalın oyunçu və insan kimi keyfiyyətlərini vurğulayıb.
“Yamal mənə yenidən futbola aşiq olmağa kömək etdi. Maradona, Rikelme, Veron — mən də buna görə futbolu sevirəm: onlar rəqiblərinə meydan oxuyan və dəlicəsinə hərəkət edən, risk edən insanlar idilər! Lamin Yamal da bu qrupdandır; o, şou göstərməyə çalışır. Əgər hazırda dünyanın ən yaxşı oyunçularından danışırıqsa, Yamal həmin söhbətdə xatırlanacaq.
Bilirsiniz, mən onun haqqında daha nəyi bəyənirəm? O, sadəcə futbolçu deyil. O, səsindən stadionlarda müsəlmanlara qarşı zorakılıq probleminə diqqət çəkmək üçün istifadə edir. O, öz fikrini bildirən gənc bir oğlandır. Biz elit səviyyədə 10 illik təcrübəsi olan təcrübəli oyunçudan deyil, “Mən buna dözməyəcəyəm, bu, irqçilikdir, insanlar bunu başa düşməlidirlər” deməyə cəsarət edən 18 yaşlı bir gəncdən danışırıq”, - deyə Ferdinand bildirib.
