“Liverpul”un keçmiş kapitanı və yarımmüdafiəçisi Stiven Cerrard “Real Madrid”in müdafiəçisi Trent Aleksander-Arnoldun qarşıdan gələn yoldaşlıq oyunları üçün İngiltərə millisinin heyətinə daxil edilməməsinə münasibət bildirib.
İdman.Biz bildirir ki, İngiltərə növbəti yoldaşlıq oyunlarında martın 27-də Uruqvay, martın 31-də isə Yaponiya ilə qarşılaşacaq.
“Çox təəccübləndim. Bəli, sağ cinah müdafiəçisində yaxşı seçimlərimiz var: Ris Ceyms dünya səviyyəli oyunçudur və Valentino Livramento zədələnib, amma o, hər iki cinahda oynaya bilər. Bu heyətin seçilməsini başa düşürəm, amma düşünürəm ki, Trent Aleksandr-Arnold ölkənin ən yaxşı 35 oyunçusundan biridir.
İngiltərənin qarşıda açıq oynamalı, aşağı blokla müdafiəni dağıtmalı olduğu oyunlar var və bu, təəssüf doğurur. Trent Aleksandr-Arnold məhz ehtiyat oyunçular skamyasından meydana çıxıb bir ötürmə ilə oyunun gedişatını dəyişə bilən oyunçudur. Bu, onun səviyyəsidir. Buna görə də təəccüblənirəm, ona yazığım gəlir.
Amma nəzərə alınmalı başqa amillər də var: Trent nə qədər tez-tez oynayır? O, pik formadadırmı? Təsir edən meydandan kənar amillər varmı? Altı həftəlik heyətimizi seçməzdən əvvəl nəzərə alınmalı bir çox amil var”, - Cerrard TNT Sports-da bildirib.
