“Müqavilə uzunmüddətli perspektiv üçün nəzərdə tutulub. Çünki bu cür layihələr zaman və sistemli yanaşma tələb edir”.
Bunu “Fənərbağça” İdman Klubunun Atletika Departamentinin rəhbəri təyin olunan azərbaycanəsilli keçmiş idmançı Ramil Quliyev AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Bu yaxınlarda Türkiyənin “Fənərbağça” İdman Klubunun Atletika Departamentinin rəhbəri təyin edildiniz. Bununla bağlı fikirləriniz maraqlıdır.
- Bu mənim üçün böyük şərəf və eyni zamanda məsuliyyətdir. “Fənərbağça” zəngin tarixə və böyük ambisiyalara malik klubdur. Mənim üçün əsas məqsəd onun inkişafına töhfə vermək, güclü sistem qurmaq və hər səviyyədə idmançıların inkişafı üçün şərait yaratmaqdır.
- Əsas planlarınız nədən ibarət olacaq?
- Əsas məqsəd uşaq idmanından elit səviyyəyə qədər dayanıqlı hazırlıq sistemi qurmaqdır. Elmi yanaşmanı gücləndirmək, infrastrukturu inkişaf etdirmək, məşqçi heyətinin səviyyəsini artırmaq və klubun beynəlxalq mövqelərini möhkəmləndirmək əsas prioritetlərimizdir.
- Sizinlə imzalanan müqavilənin detalları açıqlanmayıb. Maraqlıdır, sözləşmə neçə illik nəzərdə tutulub?
- Müqavilə uzunmüddətli perspektiv üçün nəzərdə tutulub. Çünki bu cür layihələr zaman və sistemli yanaşma tələb edir. Əsas diqqət dayanıqlı inkişaf və gələcək nəticələrə yönəlib.
- Bu klubda adınızı əfsanəyə çevirmək məqsədiniz varmı?
- Mənim əsas məqsədim klub üçün faydalı olmaq və sistemi inkişaf etdirməkdir. Əgər gördüyümüz iş nəticəsində idmançılar qalib gəlirsə, klub daha da güclənirsə, bu, ən böyük nailiyyət olacaq.
- Hazırda atletika departamentində hansı əskikliklər var?
- Hər böyük strukturda olduğu kimi inkişaf üçün istiqamətlər var. Məsələn, infrastrukturun gücləndirilməsi, idman elminin daha da inkişafı, gənc idmançı bazasının genişləndirilməsi və daxili proseslərin optimallaşdırılması və sair. Bu istiqamətlərdə artıq aktiv iş aparılır.
- Türkiyə atletika idman növünün hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Türkiyənin böyük potensialı və istedadlı idmançıları var. Son illərdə irəliləyiş nəzərə çarpır, lakin dünya səviyyəsində sabit rəqabət üçün hazırlıq sisteminə, məşqçilərə və elmi dəstəyə investisiyaların davam etməsi vacibdir.
- Klubun azarkeşlərinə və atletika ictimaiyyətinə mesajınız nədir?
- Biz klub və ölkə üçün qürur gətirəcək müasir və güclü sistem qururuq. Azarkeşlərin dəstəyi idmançılar üçün böyük motivasiyadır və inanıram ki, birlikdə uğurlara imza atacağıq.
- “Fənərbağça”ya azərbaycanlı atletlər cəlb etməyi planlaşdırırsınız?
- Biz beynəlxalq əməkdaşlığa açığıq. Klubun səviyyəsinə uyğun və sistemimizdə inkişaf etməyə hazır olan yüksək səviyyəli idmançılar olarsa, belə imkanları mütləq nəzərdən keçirə bilərik.
- Məşqçi kimi Azərbaycan Atletika Federasiyasından təklif almışdınız?
- Bu günə qədər federasiya tərəfindən rəsmi əməkdaşlıq təklifi daxil olmayıb, lakin mən hər zaman dialoqa və idmanın inkişafına açığam.
- Gələcəkdə Azərbaycan atletikasına töhfə vermək planlarınız varmı?
- Azərbaycan mənim idman həyatımın vacib hissəsidir və idmanın inkişafına, təcrübə mübadiləsinə, gənc idmançıların dəstəyinə yönəlmiş layihələrdə iştirak etməyə hər zaman açığam.
