Mourinyo “Bernabeu” öncəsi qalxanlarını qaldırdı: Prestianniyə tam dəstək

23 Fevral 2026 17:22
64
Mourinyo “Bernabeu” öncəsi qalxanlarını qaldırdı: Prestianniyə tam dəstək

“Benfika” Çempionlar Liqasının cavab matçında “Real”ın qonağı olmağa hazırlaşır. Gərgin keçən həftədən sonra baş məşqçi Joze Mourinyo həm komandasını, həm də irqi ayrı-seçkilik qalmaqalı ilə gündəmə gələn Canluka Prestiannini qorumaq üçün hərəkətə keçib.

İdman.Biz ESPN-ə istinadla xəbər verir ki, argentinalı futbolçu bütün komanda yoldaşlarının qarşısında Vinisiusa qarşı irqçi ifadə işlətmədiyini bildirib və yaranmış vəziyyətə görə üzr istəyib. UEFA tərəfindən hələlik heç bir rəsmi sanksiya tətbiq edilmədiyi üçün Mourinyo Prestianniyə tam etimadını nümayiş etdirib. Portuqaliyalı çalışdırıcının mesajı qətidir: “Kənar səs-küydən uzaqlaşın və yalnız oyuna fokuslanın”.

Matçdan öncə Vinisius və ya Mbappe ilə Prestianni arasındakı salamlaşma anının böyük gərginliklə keçəcəyi gözlənilir. Mourinyo isə mətbuatın təzyiqini azaltmaq üçün maraqlı taktika seçib. O, "Aves"lə çempionat oyunundan əvvəl mətbuat konfransına qatılmayıb və 3:0 hesablı qələbədən sonra da insidentlə bağlı şərh verməkdən yayınıb.

Təcrübəli məşqçi komandanın hazırlıq planında da dəyişiklik edib. Adətən öz bazasında məşq edən Portuqaliya təmsilçisi bu dəfə “Bernabeu”nun atmosferinə alışmaq üçün oyundan bir gün əvvəl stadionun özündə məşqə çıxacaq.

Mourinyonun qarşılaşmanı oteldən izləməsi ehtimalı da gündəmdədir. O, 2011-ci ildə "Real"ın baş məşqçisi olarkən "Kamp Nou"dakı oyunda tətbiq etdiyi taktikanı təkrarlayaraq, diqqət mərkəzindən uzaq durub komandanı kənardan idarə edə bilər.

İdman.Biz