Gimnastlarımızdan Dünya Kubokunda altı medal - YENİLƏNİB + FOTO/VİDEO

22 Fevral 2026 16:34
357
Gimnastlarımızdan Dünya Kubokunda altı medal - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan gimnastları Bakıda təşkil olunan Dünya Kubokunu altı medalla tamamlayıblar.

İdman.Biz xəbər verir ki, yarışın son günündə Selcan Mahsudova – Maqsud Mahsudov tandemi qarışıq sinxron proqramda qızıl medala layiq görülüb. Cütlük yekun sıralamada birinci yeri tutub.

Tamblinq üzrə mübarizədə Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb.

Batut gimnastikasında isə Maqsud Mahsudov – Hüseyn Abbasov və Selcan Mahsudova – Şəfiqə Hümbətova duetləri sinxron proqramda bürünc mükafat əldə ediblər. Selcan Mahsudova fərdi proqramda da gümüş medal qazanaraq komandamızın aktivinə daha bir uğur əlavə edib.

15:28

Bakıda keçirilən Dünya Kubokunda medal qazanan tamblinq gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Mixail Malkin və Tofiq Əliyev yarışdan sonra açıqlama veriblər.

İdman.Biz xəbər verir ki, qızıl medalçı Mixail Malkin bu uğurun onun üçün dönüş nöqtəsi olduğunu bildirib.

“2025-ci ildə heç bir yarışda iştirak etmədim. Bəzi problemlərim vardı. İndi də bir qədər çətinliklərim var. Amma özümü toparlamağa çalışdım, göstərdim ki, əvvəlki Mixail Malkin qayıdır. Növbəti hədəfim Avropa Çempionatıdır, qələbənin davamı gələcək. Tofiq Əliyevlə komanda yoldaşıyıq və hər zaman bir-birimizə dəstək oluruq”, - deyə Malkin söyləyib.

Gümüş mükafatçı Tofiq Əliyev isə doğma divarlar arasında medalsız qalmadığı üçün sevindiyini deyib:

“Finalda əzələlərim yorğun idi, çətin elementlərdən istifadə edə bilmədim. Hətta qızıl da qazana bilərdim. Amma akimlərin yekun qərarına əsasən, keçid elementində ayaqlarımı bükdüyüm üçün 0,16 xalım silindi. İlk dəfədir komanda yoldaşım Mixail Malkinlə fəxri kürsüdə yan-yana idik. Startı iki medalla verdiyimizə görə də xoşbəxtik. Qarşıda bizi Portuqaliyada Avropa çempionatı gözləyir. Ümid edirəm ki, orada həm komanda hesabında, həm də fərdi mübarizədə yer tuta bilərik”.

14:36

Azərbaycan gimnastları ikiqat Dünya çempionu Tofiq Əliyev və üçqat Dünya çempionu Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda uğurlu çıxış ediblər.

İdman.Biz xəbər verir ki, tamblinq üzrə yarışlarda hər iki idmançımız medal qazanıb. Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş mükafata yiyələnib.

14:25

Azərbaycanın batut gimnastı Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, 22 yaşlı idmançı jurnalistlərə açıqlamasında fərdi proqramda gümüş medal qazanaraq şəxsi rekordunu yenilədiyini və bu nəticənin ona əlavə motivasiya verdiyini bildirib.

“Ölkəmizdə medal qazandığım üçün çox sevincliyəm. Bu nəticə gələcək yarışlara stimulumu artırır. Avropa çempionatında mütləq mükafatçılar sırasına düşmək istəyirəm. Daha əvvəl bu turnirlərdə altıncı, beşinci və dördüncü yerləri tutmuşam. Niderlandda keçiriləcək Dünya Kubokunda mütləq mükafatçılar sırasına düşmək istəyirəm”, - deyə Mahsudova söyləyib.

Mahsudova eyni yarışda fərdi proqramda beşinci olan qardaşı Maqsud Mahsudovun çıxışına da toxunub. O, qardaşı ilə birgə Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib və gələcəkdə onun böyük uğurlar qazanacağına inandığını deyib.

13:25

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı fərdi mübarizədə 56.440 xal toplayaraq ikinci yerə layiq görülüb.

Qeyd edək ki, altı ölkədən 66 gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

İdman.Biz