“Gimnastlarımız Dünya Kubokuna kifayət qədər yaxşı hazırlaşıblar. Ümid edirəm ki, yüksək nəticələr qazanacaqlar.
Bu sözləri Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəsi Sara Şükürova Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, AGF Trophy barədə danışarkən deyib.
O, turnirdə 6 ölkədən ümumilikdə 66 gimnastın mübarizə apardığını xatırladıb.
“İdmançılarımızın həm batut, həm də tamblinq yarışlarında medal qazanmaq şansları yüksək qiymətləndirilir. Təmsilçilərimiz arasında yetərincə güclü və artıq öz sözünü demiş idmançılarımız var. Batut gimnastikası üzrə Selcan Mahsudova dünya rekordunu yeniləmiş idmançımızdır. Tamblinq üzrə isə Tofiq Əliyev və Mixail Malkin nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edərək medallar qazanıblar. Ümid edirəm ki, bu dəfə də Bakıda yaxşı nəticələr əldə edəcəklər”, - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.
Qeyd edək ki, bu gün start götürən turnirə fevralın 22-də yekun vurulacaq. Yarışlarda ölkəmizi Nicat Mirzəyev, Fərhad Əliyev, Mixail Malkin, Bilal Qurbanov, Tofiq Əliyev, Maqsud Mahsudov, Mehdi Əliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Selcan Mahsudova, Şəfiqə Hümbətova, Ayan Şabanova təmsil edirlər. İdmançılar fərdi və sinxron proqramlar üzrə medallar uğrunda mübarizə aparırlar.
