“Bu mənim ölkəmdə iştirak etdiyim ilk Dünya Kubokudur. Sevinirəm ki, yaxşı çıxış edərək finala vəsiqə qazandım. Həlledici raundda yüksək nəticə üçün əlimdən gələni edəcəyəm”.
Bu sözləri batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Maqsud Mahsudov Bakıda keçirilən Dünya Kuboku, AGF Trophy barədə danışarkən deyib.
O, turnirə çox ciddi hazırlıq keçdiklərini vurğulayıb.
“Çətinliklər də yaşadıq. Hətta özümə inamımı bir qədər itirmişdim. Amma məşqçimin verdiyi motivasiya və dəstək sayəsində toparlandım. Özümü medalçılar sırasında görmək istəyirəm. Çıxışıma gəlincə, daha yaxşı alına bilərdi. Çünki bundan da uğurlu performanslarım olub”, - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.
İdmançı rəqiblərinin də medala iddialı olduqlarını söyləyib:
“İkiqat Olimpiya çempionu olan idmançı İvan Litvinoviçlə finaldayam. Onun göstəriciləri daha yüksəkdir. Amma çalışacağam ki, ikinci dəfə ona qalib gəlim. Bu ili yaxşı nəticələrlə bitirmək üçün əlimdən gələni edəcəyəm. Ümidvaram ki, hər yarışdan medalla qayıdaram”.
Qeyd edək ki, bu gün start götürən turnirə fevralın 22-də yekun vurulacaq.
