Dünya Kubokunda ölkəmizi təmsil edəcək Azərbaycan batutçularının adları açıqlanıb

10 Fevral 2026 12:20
135
Dünya Kubokunda ölkəmizi təmsil edəcək Azərbaycan batutçularının adları açıqlanıb

21 və 22 fevral tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku - AGF Trophy-də iştirak edəcək Azərbaycan batutçularının adları müəyyənləşib.

İdman.Biz-ə Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, baş məşqçi Şulikin Vladimirin rəhbərliyi altında Maqsud Mahsudov (2007), Mehdi Əliyev (2007), Əli Niftəliyev (2008), Hüseyn Abbasov (2007), Selcan Mahsudova (2003), Şəfiqə Hümbətova (2008) və Ayan Şabanova (2009) mübarizə aparacaqlar.

Bildirilir ki, gimnastlar turnirdə kişi və qadınların fərdi proqramında, eləcə də qarışıq, qadın və kişi sinxron cüt kateqoriyalarında bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə və ABŞ-dən olan idmançılar, həmçinin neytral statusda çıxış edən Rusiya və Belarus təmsilçiləri də iştirak edəcəklər.

İdman.Biz