“Əsas məqsəd dünya çempionatıdır” - Marian Kolevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
26 Yanvar 2026 11:42
129
“Əsas məqsəd dünya çempionatıdır” - Marian Kolevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Ötən ili Azərbaycan aerobikası üçün əsl sıçrayış ili adlandırmaq olar. Gəncə Avropa çempionatına ev sahibliyi etdi və bu yarışda qarışıq cütlük – Vladimir Dolmatov və Mədinə Mustafayeva qızıl medal qazandı. Elə həmin duet Ümumdünya Oyunlarında gümüş mükafata sahib çıxdı, eyni zamanda Dünya Kubokunun mərhələlərində də fərqləndi.

Yeni mövsümdə komandanı nə gözləyir? Qarşıda hansı vəzifələr dayanır?

Bu suallar ətrafında İdman.Biz-ə aerobika gimnastikası üzrə yığmanın baş məşqçisi Marian Kolevlə həmsöhbət olub.

“Biz artıq hazırlıqlara başlamışıq. Qarışıq cütlük üçün proqramı dəyişirik, ötən il demək olar ki, bütün yarışlarda çıxış etdikləri kompozisiyaları yeniləyirik.

Əsas məqsədimiz sentyabr ayında Pamplonada keçiriləcək dünya çempionatıdır. Eyni zamanda sinyor üçlüyü də yeni proqramın nəzarət məşqlərini həyata keçirir. Ümid edirik ki, məşqlər həm tamaşaçıların, həm də hakimlərin xoşuna gələcək”, – deyə mütəxəssis bildirib.

Bolqarıstanlı mütəxəssis əlavə edib ki, bu mövsüm yarışların sayına görə əvvəlkindən bir qədər fərqlənəcək.

“Aerobikada dünya və Avropa çempionatları iki ildən bir, növbəli şəkildə keçirilir. Keçən il əsas hadisə qitə çempionatı idi, bu il isə bütün diqqət mundiala yönələcək. Hazırlıq çərçivəsində iki Dünya Kubokunda iştirak edəcəyik. Onlardan biri mart ayının sonunda Portuqaliyanın Kantenyede şəhərində keçiriləcək, ikinci mərhələ isə aprelin ortalarında Tokioda baş tutacaq. Yeri gəlmişkən, ötən il Dolmatov və Mustafayeva hər iki turnirdə fərqlənmiş, Portuqaliyada qızıl, Yaponiyada isə gümüş medal qazanmışdılar. Təqvimə Dünya Kubokunun daha bir mərhələsinin salınması da istisna olunmur. Hələlik rəsmi məlumat yoxdur, lakin Beynəlxalq Federasiyadan xəbərlər gözləyirik”, – deyə M. Kolev vurğulayıb.

Baş məşqçinin sözlərinə görə, gənc yaş qruplarında çıxış edən aerobika ustalarını da iri yarışlar gözləyir.

“Biz sinyorlar arasında (Aerobika ilə məşğul olan və yaşı 40-50 yaş və yuxarı olan iştirakçıların turniri – red) keçiriləcək dünya çempionatından əvvəl Pamplonada baş tutacaq gənclər arasında dünya çempionatında iştirak edəcək yeniyetmələrdən ibarət komanda formalaşdırırıq. Yeniyetmələr artıq evdə keçirilən Avropa çempionatında beynəlxalq təcrübə qazanıblar. Ona görə də hər şey qaydasındadır, plana uyğun məşq edirik və mövsümün ilk startlarını səbirsizliklə gözləyirik”, - deyə M. Kolev fikrini yekunlaşdırıb.

İdman.Biz
Məqalədə: