Azərbaycanın idman gimnastikası üzrə təmsilçiləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirini 10 medalla başa vurublar. Noyabrın 16-22-də təşkil olunan yarışda gimnastlarımız üç qızıl, üç gümüş və dörd bürünc medal qazanıblar.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında Rəsul Əhmədzadə dəstəli at üzrə çıxışında ikinci yeri tutaraq gümüş medala sahib olub.
Qadın gimnastlarımız isə həm fərdi, həm də komanda yarışlarında uğurlu nəticələr göstəriblər. Dəniz Əliyeva, Nazənin Teymurova və Aynaz Məcidzadədən ibarət Azərbaycan komandası çoxnövçülükdə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.
Fərdi çoxnövçülükdə Dəniz Əliyeva turnirin qalibi olub. Nazənin Teymurova həmin proqramda üçüncü yeri tutub. Gənclər arasında çoxnövçülük yarışına qatılan Lalə Zamanlı isə gümüş medala layiq görülüb.
Ayrı-ayrı alətlər üzrə finallarda da Azərbaycan təmsilçiləri medallar qazanıblar. Dəniz Əliyeva müxtəlif hündürlüklü qollarda qızıl, dayaqlı tullanmada isə bürünc medal əldə edib.
Nazənin Teymurova dayaqlı tullanmada gümüş, müxtəlif hündürlüklü qollarda bürünc mükafatın sahibi olub. Gənclərin yarışında çıxış edən Leyla Məmmədzadə də müxtəlif hündürlüklü qollarda üçüncü pilləyə yüksəlib.
Beləliklə, Azərbaycan gimnastları Daşkənddə keçirilən beynəlxalq turniri üç qızıl, üç gümüş və dörd bürünc medalla tamamlayıblar.
Dəniz Əliyeva iki fərdi qızıl, bir fərdi bürünc və bir komanda qızılı olmaqla dörd medalla Azərbaycan millisinin ən çox mükafat qazanan gimnastı olub.
