“Komanda hesabında ardıcıl üçüncü dəfə dünya çempionu olmaq, əlbəttə, çox sevindiricidir. Dünya çempionu olmaq çətindir, amma bu uğuru ildən-ilə təkrarlamaq daha böyük nailiyyətdir. Gələcəkdə komanda hesabında dördqat dünya çempionu olmağı hədəfləyirik”.
Bu sözləri tamblinq üzrə Azərbaycan millisinin üzvü Mixail Malkin Çinin Nankin şəhərində keçirilən dünya çempionatında qazanılan uğuru şərh edərkən deyib.
İdmançı titulu qoruyub-saxlamağın asan olmadığını vurğulayıb.
“Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Əslində, bu il Avropa çempionatında da qalib gəlməyi planlaşdırırdıq. Lakin orada gümüş medalla kifayətləndik. Buna baxmayaraq, dünya çempionatında Azərbaycan komandasının ardıcıl üçüncü dəfə ən güclü olduğunu sübut etdik. Bu qələbəyə görə çox sevinirik. Hisslərimi sözlə ifadə etmək çətindir, bunu yaşamaq lazımdır. Bildiyim qədərilə, tarixdə belə nəticəyə imza atan komanda olmayıb. Çalışacağıq ki, yeni tarix yazaq”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
M.Malkin komanda yarışlarında məsuliyyətin daha böyük olmasına baxmayaraq, özünü rahat hiss etdiyini deyib:
“Həmişə sakit çıxış edirəm. Halbuki burada məsuliyyət fərdi yarışlarla müqayisədə daha böyükdür. Çünki təkcə özünə deyil, bütün komandaya görə cavabdehlik daşıyırsan. Bu da müəyyən mənada əlavə təzyiq yaradır. Buna baxmayaraq, mənə komanda yarışlarında çıxış etmək nədənsə daha rahat gəlir”.
İdmançı dünya çempionatından bir həftə əvvəl zədələndiyini və bunun fərdi çıxışına mənfi təsir göstərdiyini bildirib:
“Dünya çempionatına bir həftə qalmış məşq zamanı baldır nahiyəmdən zədə aldım. Əzələdə dartılma və qismən yırtılma baş vermişdi. Maqnit-rezonans tomoqrafiyasından (MRT) keçdim və həkimlə məsləhətləşdim. Yarışdan əvvəl beş gün istirahət etdim ki, ayağımı çox yükləməyim. Lakin Nankinə çatanda gördüm ki, ayağım əvvəlki vəziyyətinə qayıtmayıb. Bununla belə, yarışdan imtina etmək mümkün deyildi. Çünki komandaya görə də məsuliyyət daşıyırdım və yoldaşlarımı yarı yolda qoymaq istəmirdim. Çətin də olsa, çıxışımı etdim və yaxşı ki, komandamız qalib gəldi. Sonuncu gün isə ayağım artıq tab gətirmirdi. Komanda və fərdi yarışlarda çoxsaylı tullanışlar etmişdim. Aldığım zədə isə çıxışıma ciddi təsir göstərirdi. Qələbə qazanmağı planlaşdırırdım. Lakin zədə mənə mane oldu və istədiyim kimi çıxış edə bilmədim. Düşünürəm ki, zədəm olmasaydı, nəticə daha yaxşı ola bilərdi”.
M.Malkin hazırda bərpa prosesi keçdiyini, həkimlərin ona bir müddət istirahət etməyi tövsiyə etdiyini söyləyib:
“Hazırda müalicə alıram, fizioterapiya prosedurlarından keçirəm. Həkim ən azı 3-4 həftə istirahət etməyi və ayağımı gücə salmamağı tövsiyə edib. Bu müddətdən sonra yenidən məşqlərə başlayacağam”.
İdmançı Nankinə ilk dəfə səfər etdiyini, şəhərin onda xoş təəssüratlar oyatdığını bildirib. O, yarışın təşkilatçılığını, idman arenasını və ümumi atmosferi də bəyəndiyini deyib.
Gələcək planlarından danışan M.Malkin 2027-ci il may ayının sonunda Bakıda keçiriləcək Dünya Kubokuna, eləcə də Bolqarıstanın Sofiya şəhərində təşkil olunacaq dünya çempionatına hazırlaşacağını bildirib:
“Yeni ildən etibarən məşqlərə başlamağı planlaşdırıram. Mayın sonunda Bakıda keçiriləcək Dünya Kubokuna qədər özümü ideal formada saxlamaq və orada yaxşı proqram nümayiş etdirmək istəyirəm. Həmçinin 2027-ci ilin noyabrında Bolqarıstanın Sofiya şəhərində keçiriləcək dünya çempionatına hazırlaşacağıq. Həmin yarışda komanda hesabında dördüncü dəfə dünya çempionu olmaq istəyirik. Bununla yanaşı, fərdi yarışlarda uğurlu çıxış etməyi hədəfləyirəm”.
