Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında daha bir medal qazanıblar.
İdman.Biz xəbər verir ki, 13-14 yaşlı oğlanlar arasında sinxron batut proqramında çıxış edən Ömər Qasımlı və Muhamməd Həsənli bürünc medala sahib olublar.
Təmsilçilərimiz final mərhələsində 46,160 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
Qeyd edək ki, Azərbaycan cütlüyü təsnifat mərhələsində 44,050 xal toplayaraq səkkizinci yerdən finala vəsiqə qazanmışdı. Həlledici mərhələdə nəticələrini 2,110 xal yaxşılaşdıran gimnastlarımız medalçılar sırasına düşməyi bacarıblar.
Digər təmsilçilərimizdən Mehdi Əliyev və Nicat Mirzəyev 17-21 yaş kateqoriyasının sinxron proqramında 48,960 xalla dördüncü yeri tutaraq finala yüksəliblər.
Tamblinq üzrə 11-13 yaşlı qızların fərdi yarışında isə Əsnad Niftiyeva 42,700 xalla səkkizinci nəticəni göstərərək finalda iştirak hüququ qazanıb.
Xatırladaq ki, Dünya Yaş Qrupları Yarışları noyabrın 15-də başa çatacaq.
