Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə 32-ci Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan təmsilçiləri uğurlu nəticə göstəriblər.
İdman.Biz xəbər verir ki, 13-14 yaşlı oğlanlar arasında sinxron proqramda çıxış edən Ömər Qasımlı və Muhamməd Həsənli təsnifat mərhələsində 44,050 xal toplayaraq səkkizinci pillədən finala yüksəliblər.
Azərbaycan cütlüyü noyabrın 14-də keçiriləcək həlledici mərhələdə səkkiz duet arasında medal uğrunda mübarizə aparacaq. Təmsilçilərimiz finalda dördüncü olaraq çıxış edəcəklər.
Qasımlı və Həsənlinin rəqibləri Yaponiya, Almaniya, Çin, ABŞ, Rusiya, Fransa və Kanada gimnastları olacaqlar. Final Bakı vaxtı ilə saat 22:35-də başlayacaq.
Qeyd edək ki, Ömər Qasımlı və Muhamməd Həsənli oktyabr ayında İtaliyanın Riççone şəhərində təşkil olunan beşinci “Aere Trampoline Cup” yarışında 45,170 xal toplayaraq 13-14 yaşlıların sinxron proqramında çempion olublar.
Xatırladaq ki, Nankində təşkil olunan 32-ci Dünya Yaş Qrupları Yarışları noyabrın 12-dən 15-dək keçirilir. Yarışlara “Nanjing Yangzi River International Conference Center” ev sahibliyi edir.
