Selcan Mahsudova: “Məni dünya çempionatından kənarlaşdırmaq istəyirdilər”

8 Noyabr 2026 15:44
34
Selcan Mahsudova: “Məni dünya çempionatından kənarlaşdırmaq istəyirdilər”

Azərbaycanın batut gimnastikası üzrə millisinin üzvü Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən dünya çempionatındakı çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, qardaşı Maqsud Mahsudovla birlikdə qarışıq sinxron tullanışlarda gümüş medal qazanan və fərdi yarışda altıncı yeri tutan idmançı sosial şəbəkə hesabında uğura gedən yolda üzləşdiyi çətinliklərdən danışıb.

“Bu, inanılmaz hissdir! Hətta nə deyəcəyimi bilmirəm, çünki bu emosiyaları təsvir etməyə söz çatmaz. Biz bu nəticəyə çatmaq üçün uzun yol keçmişik. Çoxlu çətinliklər, zədələr və psixoloji maneələr olub. Amma hər şeyə baxmayaraq, bacardıq! Bu, sadəcə, gümüş medal deyil, zəhmətimizin nəticəsidir. Ötən il bürünc medal qazanmışdıq, bu il isə nəticəmizi hər mənada yaxşılaşdırdıq. Qarışıq sinxron tullanışlarda ən yüksək çətinlik əmsalını nümayiş etdirdik! Ölkəmizin batut gimnastikası tarixini yazmağın necə gözəl hiss olduğunu təsəvvür edə bilməzsiniz”, - deyə Mahsudova bildirib.

İdmançı fərdi yarışlarda ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlməsindən də danışıb. Onun sözlərinə görə, sinxron və fərdi çıxışlarda eyni proqramı yerinə yetirsə də, bu yarışlar xüsusilə psixoloji baxımdan bir-birindən ciddi şəkildə fərqlənir.

“Bütün il ərzində dünya kuboklarının yarımfinallarında uğursuz çıxış edirdim. Yarımfinal mənim üçün böyük psixoloji maneəyə çevrilmişdi. Yalnız Avropa çempionatında yarımfinalda yaxşı çıxış edə bilmişdim. İndi isə uğurlu yarımfinallarımın sırasına dünya çempionatını da əlavə etdim. Hər şey ideal olmasa da, bu çıxış sayəsində yenidən finala yüksəldim”, - deyə gimnast vurğulayıb.

Selcan Mahsudova dünya çempionatına hazırlıq dövründə səhhətində problemlər yarandığını da açıqlayıb:

“Çoxlarının bildiyi kimi, dizimdən iki dəfə əməliyyat olunmuşam. İlin ən vacib yarışından əvvəl Almaniyada keçirilən Dünya Kubokunda ağrılar yenidən özünü göstərdi. Məni yarışlardan, hətta dünya çempionatından kənarlaşdırmaq barədə söhbətlər gedirdi. Məqsəd Olimpiya Oyunlarının təsnifat ili üçün sağlamlığımı qorumaq idi. Amma mən bacardım! Bu, peşəkar idmandır və burada zədələrdən qaçmaq mümkün deyil. Belə vəziyyətlərlə dəfələrlə üzləşmişəm. Bədənimin müxtəlif nahiyələrində ağrı hiss etmək mənim üçün sürpriz deyil”.

Selcan Mahsudova sonda millinin baş məşqçisi Vladimir Şulikinə, Azərbaycan Gimnastika Federasiyasına, qardaşı Maqsud Mahsudova və tibbi heyətə təşəkkürünü bildirib.

İdman.Biz