Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu Dünya çempionatında Azərbaycan millisinin üzvü Selcan Mahsudova fərdi proqramda finala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, noyabrın 7-də qadınların fərdi proqramında yarımfinal mərhələsində çıxış edən gimnastımız 56.140 xal toplayaraq altıncı pilləni tutub və finala yüksəlib.
Diqqətçəkən məqam odur ki, Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Bryony Page-i altı pillə qabaqlayıb.
Kişilərin fərdi proqramında çıxış edən Maqsud Mahsudov isə yarımfinalda 37.850 xal toplayaraq 20-ci yeri tutub.
Qeyd edək ki, Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda da finala vəsiqə qazanıblar. Beləliklə, Selcan Mahsudova Nankində həm fərdi, həm də qarışıq sinxron proqramda medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, noyabrın 4-də start götürən dünya çempionatı ayın 8-dək davam edəcək.
