Gimnastımız Selcan Mahsudova dünya çempionatının finalında altıncı yeri tutub

8 Noyabr 2026 11:37
52
Gimnastımız Selcan Mahsudova dünya çempionatının finalında altıncı yeri tutub

Azərbaycanın batut gimnastı Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən dünya çempionatında altıncı yeri tutub.

İdman.Biz xəbər verir ki, qadınlar arasında fərdi batut yarışlarının finalında çıxış edən idmançımız 56,580 xal toplayıb.

Mahsudova bu nəticə ilə İtaliya və Yaponiya təmsilçilərini qabaqlayaraq yarışı altıncı pillədə başa vurub. Qızıl medalı çinli Ju Şueyin qazanıb.

Qeyd edək ki, Azərbaycan gimnastı ötənilki dünya çempionatında beşinci olub.

Selcan Mahsudova noyabrın 7-də qardaşı Maqsud Mahsudovla birlikdə qarışıq sinxron tullanışlarda gümüş medal qazanıb.

Azərbaycan millisi dünya çempionatında tamblinq üzrə də iki medala sahib olub. Komandamız qızıl, Tofiq Əliyev isə fərdi yarışda gümüş medal əldə edib.

Bununla da Azərbaycan yığması tamblinq üzrə komanda yarışlarında ardıcıl üçüncü dəfə dünya çempionu olub. Tofiq Əliyev isə fərdi yarışlarda ilk dünya çempionatı medalını qazanıb.

İdman.Biz