2026-cı il futbol üzrə dünya çempionatı tarixdə ən səxavətli mundial olub. İştirakçı komandaların sayının 32-dən 48-ə çatdırılması və kommersiya gəlirlərinin artması FIFA-ya milli federasiyalara ödənilən vəsaitləri əhəmiyyətli dərəcədə artırmağa imkan verib.
İdman.Biz xəbər verir ki, turnir iştirakçıları üçün ümumi maliyyə paketi 871 milyon dollar təşkil edib. Bu məbləğə mükafatlar, millilərin hazırlığı üçün ayrılan vəsait, eləcə də uçuşlar, yaşayış və digər xərclərlə bağlı əlavə ödənişlər daxil olub.
48 federasiyanın hər biri dünya çempionatı başlamazdan əvvəl hazırlıq üçün 2,5 milyon dollar alıb. Ödənişlərin əsas hissəsi isə komandanın nəticəsindən asılı olub.
Qrup mərhələsində mübarizəni başa vuran millilər 10 milyon dollar mükafat əldə ediblər. Beləliklə, hazırlıq üçün ayrılan vəsait də nəzərə alınmaqla onların hər biri ümumilikdə 12,5 milyon dollar qazanıb.
1/16 final iştirakçılarına 12 milyon dollar mükafat ödənilib və onların ümumi gəliri 14,5 milyon dollara çatıb. Öz növbəsində, 1/8 finalda mübarizəni dayandıran komandalar hazırlıq vəsaiti ilə birlikdə 18,5 milyon dollar əldə ediblər.
1/4 finalçılar hərəyə 22,5 milyon dollar qazanıblar. Dördüncü yeri tutan Fransa ümumilikdə 30,5 milyon dollar, bürünc medalçı İngiltərə isə 32,5 milyon dollar əldə edib.
Finala yüksəlmək Argentinaya 36,5 milyon dollar qazandırıb. Dünya çempionu İspaniya isə 51 milyon dollar mükafat və hazırlıq üçün əlavə 2,5 milyon dollar olmaqla, ümumilikdə 53,5 milyon dollar əldə edib.
Beləliklə, hazırlıq üçün ayrılan vəsait də daxil olmaqla, 48 iştirakçıya birbaşa ödənişlərin ümumi həcmi 823 milyon dollar təşkil edib. Maliyyə paketinin qalan hissəsi isə əlavə xərclər və subsidiyalara yönəldilib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının mükafat fondu 440 milyon dollar idi. Hazırlıq üçün ayrılan vəsait də daxil olmaqla, komandalara ayrılan ümumi məbləğ 488 milyon dollara çatmışdı. Cari turnirdə bu göstərici təxminən 69 faiz artıb, halbuki iştirakçıların sayı 50 faiz çoxalıb.
Dörd il əvvəl qrup mərhələsində mübarizəni dayandıran komandalar 10,5 milyon dollar, 1/8 final iştirakçıları 14,5 milyon dollar, 1/4 finalçılar isə 18,5 milyon dollar əldə etmişdilər.
Qətərdə dördüncü yeri tutan Mərakeş 26,5 milyon dollar qazanmışdısa, Fransa 2026-cı ildə 30,5 milyon dollar əldə edib. Bürünc medalçının mükafatı 28,5 milyondan 32,5 milyona, finalçının qazancı isə 31,5 milyondan 36,5 milyona yüksəlib.
Bununla yanaşı, Argentina DÇ-2022-də çempionluğa görə ümumilikdə 43,5 milyon dollar əldə etmişdi. İspaniyanın 2026-cı ildə titul qazanmasına görə əldə etdiyi gəlir bundan 10 milyon dollar çox olub.
Qeyd edək ki, bu vəsaitlər birbaşa futbolçulara deyil, milli federasiyalara ödənilir. Hər bir assosiasiya alınan məbləğin hansı hissəsinin futbolçulara və məşqçilər korpusuna mükafat kimi veriləcəyini müstəqil şəkildə müəyyənləşdirir.
FIFA-ya gəlincə, DÇ-2026-dan əldə olunan yekun audit edilmiş gəlir hələ açıqlanmayıb. Təşkilat 2023–2026-cı illəri əhatə edən dövr üzrə ümumi gəlirinin 15 milyard dolları ötəcəyini gözləyir.
Müqayisə üçün qeyd edək ki, 2019-2022-ci illərdə FIFA 7,568 milyard dollar gəlir əldə edib. Bunun 6,314 milyard dolları Qətərdə keçirilən dünya çempionatı ilə bağlı olub. Beləliklə, hazırkı dördillik dövrün gəlirlərinin əvvəlki göstəricini demək olar ki, iki dəfə üstələyəcəyi gözlənilir. Söhbət təşkilatın xalis mənfəətindən deyil, ümumi gəlirindən gedir.
