Məşhur ingilis jurnalist və televiziya aparıcısı Piers Morgan futbol üzrə DÇ-2026-nın İspaniya - Argentina finalı ilə bağlı sərt fikirlər səsləndirib.
İdman.Biz xarici mediaya istinadən xəbər verir ki, Morgan İspaniya millisinin turnir boyunca ən yaxşı komanda olduğunu bildirib və onların həm meydanda, həm də meydandan kənarda nümunəvi davrandığını qeyd edib:
"Bir tərəfdə turnir boyu açıq-aşkar ən yaxşı komanda olduğunu sübut edən İspaniya var idi. Onlar bütün yarış ərzində cəmi bir qol buraxdılar. Hər zaman yüksək səviyyə, nizam-intizam və böyük hörmət nümayiş etdirdilər. Meydanda və meydandan kənarda nümunəvi idilər", – deyə jurnalist bildirib.
Morgan Argentina millisinin finaldakı çıxışını isə kəskin tənqid edib. Onun sözlərinə görə, Argentina həm oyun, həm də davranış baxımından məyusedici təsir bağışlayıb:
"Digər tərəfdə isə Argentina var idi. Açığı, onlar finalda tam bir biabırçılıq idilər. Messi finalda görünmədi. Turnir boyu necə idilərsə, yenə də kobud davrandılar. İngiltərəni məğlub etdikdən sonra Malvin adaları ilə bağlı pankart qaldırmalarını nifrətlə qarşıladım. Bu, lazımsız və təxribatçı addım idi".
İngilis jurnalist finaldan sonra Argentina futbolçularının davranışına da toxunub. O, İspaniya millisinin üzvlərinə qarşı kobud hərəkətləri qınayıb:
"Onların layiqli cavabını almasına sevindim. Oyundan sonra İspaniya futbolçularına bacardıqları qədər zərbə endirməyə çalışmaları Dünya Kuboku tarixində gördüyüm ən iyrənc davranışlardan biri idi".
O, baş məşqçi Lionel Skaloni və Lionel Messinin məğlubiyyətdən sonra göz yaşlarına da münasibət bildirib:
"Skalonini və Leo Messini oyundan sonra ağlayarkən gördüm. Mənə görə bunlar "timsah göz yaşları" idi. Bu turnir boyu göstərdiyiniz davranışlara görə heç bir rəğbətə layiq deyilsiniz".
Qeyd edək ki, dünya çempionatının finalında Argentina millisi əlavə vaxtda İspaniyaya 1:0 hesabı ilkə məğlub olub. Turnirin yarımfinalında isə İngiultərə millisinə 2:1 hesabı ilə qalib gəlmişdi.
