Argentina KİV: “Səni qucaqlayırıq Leo”

21 İyul 2026 10:08
261
Argentina KİV: “Səni qucaqlayırıq Leo”

Argentina mətbuatı dünya çempionatının finalında İspaniyaya məğlub olan milli komandanın oyununu yüksək qiymətləndirib.

İdman.Biz Telegraph-a istinadən xəbər verir ki, Argentinanın nüfuzlu “Clarín” nəşri " son qarşılaşmada yığmanın “bir neçə xoşagəlməz epizoda baxmayaraq, nəzakətli və hörmətli davrandığını" yazıb.

Nəşrin redaktoru Silviya Fesket bildirib ki, Argentina millisi həm meydanda, həm də meydandan kənarda müasir futbolda nadir rast gəlinən dəyərlər nümayiş etdirib:

"Futbolçular nə rəqibləri haqqında mənfi fikirlər səsləndirdilər, nə də səhvlərinə görə başqalarını günahlandırmağa çalışdılar".

Digər nüfuzlu qəzet ”La Nación” da komandanın finaldakı məğlubiyyəti ləyaqətlə qəbul etdiyini vurğulayıb.

Nəşr yazıb ki, Argentina yığması çempion olmasa da, azarkeşlərin sevgisini və rəğbətini qazanmağı bacarıb.

Qəzet həmçinin futbolçuların gümüş medallarını boyunlarından çıxarmamasını alqışlayaraq, onların məğlub olsalar belə, futbol tarixində yaddaqalan irs qoyduqlarını qeyd edib.

Bununla yanaşı, “La Nación” matçın təhlilində Argentina millisinin oyununu da tənqid edib. Yazar Klaudio Mauri bildirib ki, komanda əsas vaxt ərzində qapıya bir dəfə dəqiq zərbə vura bilməyib. Onun fikrincə, İspaniyanın yüksək ötürmə tempi argentinalıları həm fiziki, həm də psixoloji baxımdan tükəndirib.

Nəşr eyni zamanda kapitan Lionel Messinin final fitindən sonra göz yaşlarına da toxunaraq, "Argentina səni qucaqlayır. Təşəkkürlər, Leo. Sən bizə artıq kifayət qədər xoşbəxtlik yaşatmısan" ifadəsini işlədib.

Buenos-Ayresdə nəşr olunan “Página 12” qəzeti isə Lionel Skaloninin rəhbərliyi altında komandanın göstərdiyi performansın nəticədən asılı olmayaraq uzun illər yaddaşlarda qalacağını yazıb.

Nəşr zarafatla komandanın müdafiəyə əsaslanan oyun üslubunun Fransa və İngiltərənin üçüncülük uğrunda 10 qollu qarşılaşmada nümayiş etdirdiyi açıq futbolun əleyhinə bir "manifest" olub-olmadığını da sual edib.

Sonda isə qəzet 2021-ci il Amerika Kubokundan bəri davam edən beş il doqquz günlük uğurlu dövrə görə komandaya təşəkkür edərək qeyd edib ki, artıq azarkeşlər yenidən ikinciliyin gətirdiyi məyusluq hissi ilə yaşamağa alışmalı olacaqlar.

İdman.Biz