İngiltərənin “Çelsi” futbol komandasının yarımmüdafiəçisi Enzo Fernandeslə ABŞ-nin “İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messini birləşdirən hekayə 10 ildən sonra başladığı stadionda yeni məna qazanacaq.
İdman.Biz xəbər verir ki, hadisələr 2016-cı ildə “MetLife” stadionunda keçirilən Amerika Kubokunun finalından sonra başlayıb. Argentina əsas və əlavə vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında Çiliyə 2:4 hesabı ilə məğlub olub.
Messi penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bu, onun Argentina millisi ilə üçüncü final məğlubiyyəti, eyni zamanda ardıcıl ikinci gümüş medalı olub. Qarşılaşmadan sonra ölkəsində ciddi tənqidlərlə üzləşən futbolçu emosional şəkildə milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Həmin vaxt “River Pleyt”in akademiyasında çıxış edən 15 yaşlı Enzo Fernandes iyunun 27-də sosial şəbəkədə geniş paylaşım edərək kumirindən qərarını dəyişməsini istəyib.

Enzonun paylaşımında deyilir:
“Səni necə inandıraq, əgər özümüz uğursuzluğa düçar oluruqsa? Səni necə inandıraq, əgər bütün həyatımız boyunca çiyinlərindəki təzyiqin heç bir faizini belə hiss etməmişiksə? Səhər yuxudan oyanıb güzgüyə baxırsan və anlayırsan ki, 40 milyondan çox insan nəinki hər şeyi mükəmməl etməyini istəyir, hətta nədənsə bunu səndən tələb etmək hüququna malik olduğunu düşünür.
Səni necə inandıraq, əgər sənin insan olduğunu, misilsiz istedada sahib bir şəxsiyyət, planetin ən yaxşı futbolçusu, amma yenə də insan olduğunu anlamasaq? Səni necə inandıraq, əgər bir saniyə belə dayanıb məğlubiyyətlərin bizdə yaratdığı qəzəbdə sənin günahkar olmadığını dərk etməsək? Axı bu qəzəb çox vaxt öz məyusluqlarımızla daha çox bağlıdır.
Gəlin güzgüyə baxaq və özümüzdən soruşaq: bəs biz əslində heç tanımadığımız bu oğlandan tələb etdiklərimizin heç olmasa bir faizini özümüzdən tələb etsək, necə olar?
Səni necə inandıraq, əgər bütün dünyanın sənə yaltaqlandığını anlamaq bizim üçün bu qədər çətindirsə? Axı sən məzuniyyətdə çimərlikdə uzana bilərdin, amma bunun əvəzinə qaçır və bizim rənglərimizi təmsil edirsən. Bütün bunları da kiminsə necə qaçdığına və ya himni necə oxuduğuna diqqət yetirməsi üçün edirsən.
İstədiyini et, Lionel, amma, xahiş edirəm, qalmaq barədə düşün. Ancaq qal ki, bundan zövq alasan, çünki bu insanlar məhz həmin zövqü səndən alıblar. Mənasız təzyiq dünyasında onlar oyunun ən nəcib tərəfini - zövqü əlindən almağı bacarırlar.
Uşaqlıqda, yəqin ki, ölkəni təmsil etməyi və bundan zövq almağı arzulamısan. Sənin Argentina millisində oynadığını görmək dünyadakı ən böyük qürurdur. Zövq almaq üçün oyna, çünki sən əylənəndə bizim nə qədər xoşbəxt olduğumuzu təsəvvür belə edə bilməzsən.
Təşəkkür edirəm və bağışla...”

Messinin milli komandadan ayrılığı uzun sürməyib. Argentinalı ulduz həmin ilin payızında qərarını dəyişərək yığmaya qayıdıb.
Altı il sonra isə Enzo Fernandes də Argentina millisinin üzvünə çevrilib. Messi və Enzo birlikdə DÇ-2022-nin qalibi olublar. Messi turnirin ən yaxşı futbolçusu, Fernandes isə ən yaxşı gənc oyunçusu seçilib.
DÇ-2026-da bu hekayənin daha bir simvolik səhifəsi yazılıb. Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Enzo Fernandes Messinin ötürməsindən komandasının vacib qollarından birini vurub. Qarşılaşmadan sonra isə bir vaxtlar yığmada qalmağa çağırdığı kumirini çiyinlərinə qaldırıb.
İndi onların yolu yenidən “MetLife” stadionuna aparır. Argentina DÇ-2026-nın finalında İspaniya ilə məhz Messinin 2016-cı ildə milli komandadan ayrıldığını açıqladığı həmin arenada qarşılaşacaq.
