Fransa futbol millisinin və Almaniya Bundesliqası təmsilçisi “Bavariya”nın yarımmüdafiəçisi Maykl Olise 2026-cı il dünya çempionatının üçüncü yer uğrunda matçından sonra göz yaşlarını saxlaya bilməyib.
İdman.Biz xəbər verir ki, Fransa İngiltərəyə 4:6 hesabı ilə məğlub olduqdan sonra 24 yaşlı futbolçu paltardəyişmə otağında ağlayıb. Olise ikinci hissədə istifadə edə bilmədiyi qol imkanlarına görə özünü günahlandırıb.
“L’Équipe” nəşrinin məlumatına görə, yarımmüdafiəçi 75-ci və 81-ci dəqiqələrdə qapıçı ilə təkbətək mübarizələrdən qalib ayrıla bilməyib. Həmin vaxt İngiltərə 4:3 hesabı ilə öndə olub və bu epizodlardakı qollar matçın gedişini dəyişə bilərdi.
Bununla yanaşı, Olise Fransanın ilk hissədəki 0:4 hesablı məğlubiyyətdən sonra oyuna qayıtmasında mühüm rol oynayıb. O, turniri yeddi məhsuldar ötürmə ilə başa vuraraq dünya çempionatlarının rekordlarından birinə imza atıb. Pele 1970-ci il dünya çempionatında altı məhsuldar ötürmə vermişdi.
Fransa millisinin baş məşqçisi Didye Deşam qarşılaşmadan sonra Oliseyə təsəlli verib. Mütəxəssis mətbuat konfransında futbolçu ilə danışdığını açıqlasa da, söhbətin təfərrüatını bölüşməyib.
Qeyd edək ki, İngiltərənin 6:4 hesablı qələbəsi dünya çempionatlarında üçüncü yer uğrunda keçirilən oyunlar arasında ən məhsuldar nəticə olub.
2026-cı il dünya çempionatının İspaniya və Argentina milliləri arasındakı finalı bu gün - 19 iyulda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
