İyulun 18-dən 19-na keçən gecə futbol üzrə dünya çempionatında bürünc medalın sahibi müəyyənləşəcək. Mayamidəki “Hard Rock” stadionunda Fransa və İngiltərə milliləri üz-üzə gələcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. Oyunun baş hakimi venesuelalı Xesus Valensuela olacaq. Ona həmyerliləri Xorxe Urrreqo və Tulio Moreno kömək edəcəklər.
Hər iki komanda Şimali Amerikaya əsas kuboku qazanmaq məqsədi ilə yollanmışdı. Buna görə də üçüncü yer uğrunda oyun onların məyusluğunu tam aradan qaldırmağa qadir deyil. Fransa yarımfinalda İspaniyaya 0:2 hesabı ilə uduzub. Didye Deşamın komandası rəqibin topa nəzarətinə qarşı heç nə edə bilməyib və son üç dünya çempionatında ilk dəfə finala yüksələ bilməyib.
İngiltərə isə həlledici oyuna daha yaxın olub. Entoni Qordonun qolundan sonra britaniyalılar 85-ci dəqiqəyədək Argentina üzərində üstünlüyü qoruyublar. Lakin daha sonra Enso Fernandes və Lautaro Martinesin qolları nəticəsində 1:2 hesabı ilə məğlub olublar. Bu, Tomas Tuxelin rəhbərliyi altında komandanın keçirdiyi son 15 rəsmi oyunda ilk məğlubiyyəti olub.
Mayamidəki qarşılaşmaya qədər Fransa və İngiltərə milliləri 32 dəfə üz-üzə gəlib. Ümumi statistikada üstünlük ingilislərin tərəfindədir: 17 qələbəyə qarşı fransızların 10 qələbəsi var, daha 5 görüş heç-heçə başa çatıb. Dünya çempionatlarında rəqiblər üç dəfə qarşılaşıblar. İngiltərə 1966-cı ildə 2:0, 1982-ci ildə isə 3:1 hesabı ilə qalib gəlib. Fransa isə DÇ-2022-nin 1/4 finalında 2:1 hesablı qələbə qazanıb. Beləliklə, mundiallar tarixində balans 2:1 İngiltərənin xeyrinədir.
Qeyd edək ki, Fransa millisi üçün bu oyun xüsusi əhəmiyyət daşıyır. Qarşılaşma Didye Deşamın yığmanın baş məşqçisi kimi son oyunu olacaq. Mütəxəssis komandaya 2012-ci ildən rəhbərlik edir, DÇ-2018-də çempionluq qazanıb və DÇ-2022-də finala yüksəlib. İngiltərə ilə oyun onun milli komandanın sükanı arxasında 187-ci matçı olacaq. Deşamın hesabında 121 qələbə var ki, bu da Fransa millisinin məşqçiləri arasında rekord göstəricidir.
Baş məşqçi özü etiraf edib ki, komandaların heç biri “bürünc final”da oynamaq istəmirdi. Lakin o bildirib ki, futbolçular turniri layiqincə başa vurmalıdırlar. Müdafiəçi İbraima Konate də ayrılan baş məşqçi naminə qalib gəlmək istədiklərini deyib.
Hər iki məşqçinin start heyətində ciddi dəyişikliklər etməsi istisna olunmur. Deşam bir neçə futbolçunun zədələndiyini və oynaya bilməyəcəyini açıqlasa da, onların adlarını açıqlamayıb. Kilian Mbappenin meydana çıxmağa hazır olduğu bildirilsə də, onun ilk dəqiqələrdən oynaması hələ dəqiq deyil.
İngiltərə millisində isə yarımfinalda zədələnən Ris Ceymsin iştirakı sual altındadır. Cordan Henderson əlindən aldığı zədə səbəbindən oynaya bilməyəcək. Yorğun olan Deklan Raysa isə istirahət verilə bilər. Kobbi Maynu, Markus Reşford, Olli Uotkins, Ayven Touni və az oyun praktikası qazanan digər futbolçuların şans əldə etməsi gözlənilir.
Oyunun təsəlliverici statusuna baxmayaraq, fərdi mükafatlar uğrunda mübarizə davam edəcək.
Mbappe turnirdə 8 qol vurub və bombardirlər yarışında Lionel Messi ilə liderliyi bölüşür. Harri Keyn və Cud Bellinqemin isə hərəsinin hesabında 6 qol var. Hər iki futbolçu bir dünya çempionatında İngiltərə millisinin ən çox qol vuran oyunçuları rekordunu təkrarlayıb.
Maykl Olize isə 5 məhsuldar ötürmə ilə turnirin ən yaxşı assistenti sayılır. Daha bir məhsuldar ötürmə fransız futbolçuya Pelenin DÇ-1970-də müəyyənləşdirdiyi 6 assistlik rekordu təkrarlamaq imkanı verəcək.
Fransa millisi tarixində dördüncü dəfə üçüncü yer uğrunda oyunda çıxış edəcək. Komanda 1958-ci ildə AFR-ni 6:3, 1986-cı ildə Belçikanı 4:2 hesabı ilə məğlub edib, 1982-ci ildə isə Polşaya 2:3 hesabı ilə uduzub.
İngiltərə üçün isə bu, bürünc medal qazanmaq üçün üçüncü cəhd olacaq. Britaniyalılar 1990-cı ildə İtaliyaya 1:2, 2018-ci ildə isə Belçikaya 0:2 hesabı ilə uduzublar. Mayamidə qələbə qazansalar, bu nəticə 1966-cı il çempionluğundan sonra mundiallardakı ən yaxşı göstərici və İngiltərədən kənarda əldə olunan ən uğurlu nəticə olacaq.
Üçüncü yer uğrunda oyunlarda ən çox qələbə qazanan komanda Almaniyadır. Almanlar 1934, 1970, 2006 və 2010-cu illərdə dörd dəfə bürünc medal əldə ediblər.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşlər çox vaxt lazımsız hesab olunur. Çünki iştirakçılar finala çıxa bilməməyin məyusluğunu hələ də yaşayırlar. Lakin məhz maksimum təzyiqin olmaması bu qarşılaşmaları adətən açıq və məhsuldar edir.
Bürünc medal uğrunda oyunlar dünya çempionatlarında 1934-cü ildən keçirilir. İndiyədək bu görüşlərin heç biri penaltilər seriyasına qədər uzanmayıb. Yalnız bir dəfə – 1986-cı ildə Fransa ilə Belçika arasında keçirilən oyunda əlavə vaxta ehtiyac yaranıb. Polşanın 1974-cü ildə Braziliyanı 1:0 hesabı ilə məğlub etməsindən sonra keçirilən bütün üçüncü yer oyunlarında ən azı iki qol vurulub.
Məhz DÇ-1958-in üçüncü yer uğrunda matçında Jüst Fonten dörd qol vuraraq bir mundialda vurduğu qolların sayını rekord olan 13-ə çatdırıb. 2002-ci ildə isə türkiyəli Hakan Şükür Cənubi Koreyanın qapısına start fitindən cəmi 11 saniyə sonra yol taparaq dünya çempionatları tarixinin ən sürətli qolunun müəllifi olub.
