Mətbuat xidmətlərinin rəhbərlərinə görə DÇ-2026-nın ən yaxşısı kim olacaq? - İDMAN.BİZ-in SORĞUSU

18 İyul 2026 13:00
145
Mətbuat xidmətlərinin rəhbərlərinə görə DÇ-2026-nın ən yaxşısı kim olacaq? - İDMAN.BİZ-in SORĞUSU

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə 2026-cı il Dünya Çempionatı sona yaxınlaşır. Dünyanın ən böyük futbol yarışının qalibi iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərindəki “MetLife” stadionunda Argentina ilə İspaniya arasında keçiriləcək final qarşılaşmasından sonra bəlli olacaq.

Həlledici görüş ərəfəsində İdman.Biz Azərbaycanın idman ictimaiyyəti nümayəndələrinin proqnozunu öyrənib. Belə ki, ölkəmizin mətbuat xidmətlərinin rəhbərləri və tanınmış futbol şərhçiləri DÇ-2026-nın ən yaxşı futbolçusu ilə bağlı seçimlərini açıqlayıb, eyni zamanda Argentina – İspaniya finalının qalibi ilə bağlı proqnozlarını səsləndiriblər.

AFFA-nın mətbuat katibi Elnur Məmmədli:

“DÇ-2026-da bir futbolçunu xüsusi fərqləndirmək çətindir. Əlbəttə, 39 yaşında meydanda möcüzələr yaradan Lionel Messi ardıcıl ikinci dəfə Argentinanı dünya çempionatının finalına çıxardı. Bundan başqa, səkkiz qolla turnirin bombardirləri sırasında yer alan Kilian Mbappeni, Norveç millisinin uğurlarında böyük pay sahibi olan Erlinq Haalandı, İngiltərə yığmasının üzvləri Cud Bellinqem və Harri Keyni, eləcə də finalçı İspaniyanın futbolçuları Lamin Yamal və Unay Simonu da qeyd etmək lazımdır. Buna baxmayaraq, mənim seçimim Lionel Messidir. O, həm böyük əzmkarlıq nümayiş etdirir, həm də səkkiz qol və dörd məhsuldar ötürmə ilə komandasını qələbədən-qələbəyə daşıyır. Məncə, Messi bu mundialın ən yaxşı futbolçusudur.

Finalın nəticəsini proqnozlaşdırmaq isə çox çətindir. İspaniya daha hazırlıqlı komanda təsiri bağışlayır. Ancaq Argentinanın futbolçularında qələbə istəyi daha çox hiss olunur. Onlar meydanda sonadək mübarizə aparmağa hazırdırlar. Üstəlik, ardıcıl iki oyunda geridönüş etməyi bacarıblar. Düşünürəm ki, bizi çox maraqlı final gözləyir. Hətta matçın əlavə vaxta və ya penaltilər seriyasına qədər uzanması da mümkündür”.

Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı:

“Etiraf edim ki, şəxsi işlərim və oyunların bizim vaxtla gec saatlarda keçirilməsi səbəbindən bu dünya çempionatı indiyədək izlədiyim mundiallar arasında ən az baxdığım turnir oldu. Demək olar ki, əksər oyunların yalnız icmallarını izləmişəm.

Fransa finala yüksəlsəydi, heç tərəddüd etmədən turnirin ən yaxşı futbolçusu kimi Kilian Mbappenin adını çəkərdim. İspaniya millisində isə hansısa futbolçunu xüsusi fərqləndirə bilmirəm. Məncə, İspaniya bu dünya çempionatının ən kollektiv və ən sistemli oyun nümayiş etdirən komandasıdır. Onların uğurunda fərdlərdən çox komanda oyunu həlledici rol oynayıb.

Argentinada isə Lionel Messi açıq şəkildə seçilir. Hətta hesab edirəm ki, o, dörd il əvvəl dünya çempionu olduqları mundialdakından da daha yaxşı çıxış edir. Buna görə də turnirin ən yaxşı futbolçusu adına əsas namizədim Messidir.

Finala gəlincə, ümumi mənzərədə İspaniya favorit təsiri bağışlayır. Bununla belə, Argentinanın əzmkarlığı və heyətindəki fərdi ustalığı yüksək olan futbolçular bu komandanı da çox təhlükəli edir. Şansları faizlə dəyərləndirsəm, 55-45 nisbətində İspaniyanı üstün görürəm. Hesab proqnozum isə 2:1 İspaniyanın xeyrinədir”.

Azərbaycan Cüdo Federasiyasının marketinq və kommunikasiyalar şöbəsinin əməkdaşı Elmar Rzalı:

“DÇ-2026-nın ən yaxşı futbolçusu, məncə, birmənalı şəkildə Lionel Messidir. 39 yaşında olmasına baxmayaraq, Argentinanın finala yüksəlməsində müstəsna rol oynayıb. Bir dünya çempionatında səkkiz qol və dörd məhsuldar ötürmə ilə yadda qalmaq fantastik göstəricidir. Messinin bu yaşda göstərdiyi liderlik və komandanı arxasınca aparması isə bu statistikanın da fövqündədir.

Düşünürəm ki, Dünya Çempionu Argentina olacaq. Amma İspaniya da son dərəcə güclü rəqibdir. Finalda istənilən nəticə qeydə alına bilər”.

Azərbaycan Qılıncoynatma və Badminton Federasiyasının mətbuat katibi Kənan Hakimov:

"Hazırkı mərhələdə DÇ-2026-nın ən yaxşı futbolçusu, məncə, birmənalı şəkildə Lionel Messidir. Yüksək məhsuldarlığı, pley-off mərhələsində həlledici rolu və Argentinanı finala daşıması onun bu ada ən layiqli namizəd olduğunu göstərir.

Finala gəlincə, hesab edirəm ki, hər iki komanda çempion olmağa layiqdir və şanslarını bərabər qiymətləndirirəm. Buna baxmayaraq, proqnozum İspaniyanın əlavə vaxtda qələbə qazanacağıdır."

Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat katibi və Mətbuatla Əlaqələr şöbəsinin müdiri Sənan Əliyev:

“DÇ-2026-nın ən yaxşı futbolçusu ilə bağlı fikirlər fərqlidir və əksəriyyət Lionel Messini ön plana çıxarır. Mən isə yarımfinaldan əvvəl İngiltərəni finala daha yaxın görürdüm və bunu sosial şəbəkədə də paylaşmışdım. Argentina–İngiltərə qarşıdurması tarixən xüsusi məna daşıyır. Dieqo Maradona illər sonra demişdi ki, 1986-cı ildə İngiltərəyə qarşı oynayarkən Folklend müharibəsində həyatını itirən gənclərin qisasını almaq hissini yaşayırdılar. Düşünürdüm ki, Messi bu tarixi təkrarlaya bilməyəcək. Amma o, yenidən dünyanın ən güclü futbolçularından biri, hətta tarixin ən yaxşısı olduğunu sübut etdi.

Bununla belə, hesab edirəm ki, yarımfinalın taleyində İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin həddindən artıq ehtiyatlı qərarları həlledici rol oynadı. Tarix göstərir ki, dünya çempionatlarında praqmatik futbol bəzən uğur gətirir. Amma İngiltərə bu dəfə bunun bəhrəsini görə bilmədi.

Mənim seçimim isə Harri Keyndir. İngiltərə finala yüksəlsəydi, düşünürəm ki, o, turnirin ən yaxşı futbolçusu mükafatına və hətta "Qızıl top"a əsas namizədlərdən biri, bəlkə də birincisi olacaqdı. Keyn hücumun bütün elementlərini birləşdirən, meydanın müxtəlif zonalarında komandaya fayda verən və oyunun bağlantısını qura bilən futbolçudur. Buna görə də DÇ-2026-nın ən yaxşı oyunçusu kimi məhz onun adını çəkirəm.

Finala gəlincə, İspaniyanın yenə topa daha çox nəzarət edəcəyini düşünürəm. Amma Argentina bu oyunun antitezisini ortaya qoya biləcək yeganə komandadır. Hesab edirəm ki, bizi çox maraqlı final gözləyir. Buna baxmayaraq, İspaniyanı qələbəyə bir addım daha yaxın görürəm. Rodri amili bu görüşdə də həlledici ola bilər. Zədədən sonra onun yenidən belə yüksək səviyyədə çıxış etməsi həm İspaniya millisinin baş məşqçisi Luis de la Fuente, həm də ümumilikdə İspan futbolu üçün sevindirici haldır. Məncə, Avropa çempionu olan İspaniya bu dəfə dünya çempionu adını da qazanacaq”.

Tanınmış futbol şərhçisi Asif Bağırov:

“Dünya çempionatı başlamazdan əvvəl ən böyük arzum finalda məhz İspaniya ilə Argentinanın qarşılaşması idi. Bunun da səbəbi sadədir. Uzun illər Lionel Messinin çıxış etdiyi "Barselona"nın azarkeşi olmuşam. Buna görə də İspaniya millisinə də həmişə xüsusi rəğbət bəsləmişəm.

Əvvəlki mərhələlərdə hansı komandanın növbəti raunda yüksəlməsini daha çox istədiyim olurdu. Amma final tamam fərqli oyundur. Burada ilk növbədə güclü komandanın qalib gəlməsini arzulayıram. Bununla belə, ürəyimin bir küncündə Messinin dünya çempionu titulunu bir daha qazanmasını istədiyimi də gizlətmirəm.

Hesab edirəm ki, finalın nəticəsindən asılı olmayaraq, DÇ-2026-nın ən yaxşı futbolçusu Lionel Messi seçiləcək. Argentina çempion olsa da, olmasa da, onun 39 yaşında nümayiş etdirdiyi performans buna tam əsas verir.

Futbol tarixində buna bənzər nümunə var. 2006-cı il dünya çempionatında Zinəddin Zidan finalda qırmızı vərəqə alaraq meydandan qovulsa da, turnirin ən yaxşı futbolçusu seçilmişdi. Ona görə də hesab edirəm ki, Messinin bu mundialdakı çıxışı "Qızıl top" mükafatına layiqdir.

Düşünürəm ki, Lionel Messinin milli komandadakı karyerası başa çatanda ona dünya futboluna yaraşan şəkildə vida təşkil edilməlidir. Hətta istərdim ki, Argentina və Portuqaliya yığmaları arasında Messi ilə Kriştiano Ronaldonun şərəfinə xüsusi vida oyunu keçirilsin. Bu, dünya futbolunun iki böyük əfsanəsinə layiqli ehtiram olardı”.

Tanınmış futbol şərhçisi Şəmsəddin Abbasov:

“Hesab edirəm ki, finalda Argentina qalib gələcək. Çünki bu komanda turnir boyu inanılmaz döyüşkən ruh nümayiş etdirib, dəfələrlə geridönüşə imza atıb. Bu xarakter dünya çempionluğu üçün ən vacib amillərdən biridir.

Ən əsası isə Lionel Messi buna layiqdir. O, 39 yaşında olmasına baxmayaraq, bu dünya çempionatının ən parlaq futbolçularından biri oldu və növbəti dəfə futbol tarixinə düşəcək çıxış sərgilədi. Messinin liderliyi və meydanda göstərdiyi oyun Argentinanı finala qədər daşıyan əsas amillərdəndir.

Məhz buna görə də finalda Argentinanın qələbə qazanacağını düşünürəm. Messinin bu mundialı dünya çempionu kimi başa vurması futbol adına da gözəl sonluq olardı”.

Azərbaycan Alpinizm Federasiyasının mətbuat katibi Fərdin İsazadə:

“Səmimi desəm, futbolla yaxından maraqlanmıram. Daha çox ekstremal idman növlərini izləyirəm. Buna görə də DÇ-2026 ilə bağlı konkret fikir bildirməyim və ya hər hansı proqnoz verməyim düzgün olmaz. Hesab edirəm ki, bu məsələdə sözü daha çox futbol mütəxəssisləri deməlidirlər. Mən isə yalnız onu arzulayıram ki, finalda ən güclü komanda qalib gəlsin”.

Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat katibi, veteran voleybolçu Şəfəq Kərimova:

“Dünya çempionatının oyunlarını maraqla izləyirəm. Açığı, turnirdə xüsusi azarkeşi olduğum bir komanda yox idi. Əsas maraqlı oyunlara baxmağa çalışırdım.

Turnirdə yaxşı oyunçular çoxdur. Mənim fikrimcə turnirin ən yaxşı oyunçusu Lamin Yamaldır. Gənc olmasına baxmayaraq, çox inamlı çıxışı edir və yaxşı təsir bağışlayır.

Düşünürəm ki, bizi maraqlı və gərgin final gözləyir. Mənim fikrimcə, dünya çempionu İspaniya olacaq”.

Azərbaycan Gimnastika Federasiyasının Media üzrə koordinatoru Sara Şükürova:

“Mənim fikrimcə, DÇ 2026-nın ən yaxşı futbolçusu Lionel Messidir. Yaşına baxmayaraq, həlledici məqamlarda komandasına liderlik etməsi və oyuna təsiri onun hələ də dünyanın ən yaxşı futbolçularından biri, hətta birincisi olduğunu göstərir.

Finala gəlincə, Argentina mənim favoritimdi. İspaniya çox güclü və intizamlı komandadır, amma Argentina böyük oyunların təcrübəsinə və həlledici anlarda nəticə çıxarmağı bacaran futbolçulara malikdir. Buna görə də proqnozum Argentinanın qələbəsidir. Düşünürəm ki, az fərqlə və gərgin mübarizədə qalib gələcəklər”.

İdman.Biz