DÇ-2026-nın iyulun 19-da keçiriləcək İspaniya - Argentina finalını idarə edəcək sloveniyalı hakim Slavko Vinçiç karyerasındakı qalmaqallı hadisə ilə yenidən diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, 46 yaşlı referi 2020-ci ilin mayında Bosniya və Herseqovinada narkotik alveri və fahişəlik şəbəkəsinə qarşı keçirilən polis əməliyyatı zamanı saxlanılan 35 nəfər arasında olub.
Sonradan araşdırma nəticəsində onun hadisə ilə heç bir əlaqəsinin olmadığı müəyyənləşdirilib və Vinçiç sərbəst buraxılıb.
Sloveniyalı hakim həmin vaxt Bosniyada işgüzar səfərdə olduğunu, ev sahiblərini tanımadan nahar dəvətini qəbul etdiyini və bunun həyatındakı ən böyük səhv olduğunu bildirib. Hadisədən sonra ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib və Sloveniya Hakimlər Assosiasiyası ona dəstək verib.
View this post on Instagram
FIFA-nın qərarına əsasən, məhz Vinçiç dünya çempionatının final görüşünü idarə edəcək və təyinat xəbərini alarkən göz yaşlarını saxlaya bilməyib. Son illərdə Avropanın ən nüfuzlu hakimlərindən sayılan referi 2024-cü ildə UEFA Çempionlar Liqasının finalında da baş hakim olub. Vinçiç DÇ-2026-da indiyədək üç oyunu idarə edib və həmin görüşlərdən biri Braziliya ilə Mərakeş arasında 1:1 hesabı ilə başa çatan qarşılaşma olub.
