Şahin Diniyev: “Final məşqçilərin dueli olacaq”

18 İyul 2026 15:59
86
Şahin Diniyev: “Final məşqçilərin dueli olacaq”

“Rəqabətli və maraqlı dünya çempionatı izlədik. Turnir ərzində yüksək səviyyəli oyunlar keçirildi. Demək olar ki, bütün rəqiblər bir-birinə yaxın gücdə idi”.

Bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis dünya çempionatının final oyunundan gözləntilərini bölüşüb.

“İspaniyanın Fransanı yarımfinalda mübarizədən kənarlaşdırması böyük uğur hesab oluna bilər. Argentina isə İspaniyaya nisbətən finala daha rahat gəlib çıxıb. Hər iki komanda sərgilədiyi oyunla çempionluğa layiqdir. Buna görə də proqnoz vermək çox çətindir. İspaniyanın artıq oturuşmuş oyun sistemi var və futbolçular bu sistemi uğurla icra edirlər. Maraqlıdır, Argentina buna qarşı nə təklif edəcək? Digər tərəfdən, İspaniya da rəqibin əsas lideri Lionel Messini necə zərərsizləşdirəcəyini düşünməlidir. Məncə, sabahkı final ilk növbədə məşqçilərin dueli olacaq. Hansı komanda rəqibini daha yaxşı analiz edib və oyuna düzgün hazırlaşıbsa, qalib gəlmək şansı da yüksək olacaq. Eyni zamanda, yorğunluq amilini də nəzərə almaq lazımdır. Bu səbəbdən daha ehtiyatlı və nisbətən aşağı tempdə keçəcək bir oyun gözləyirəm”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, İspaniya - Argentina matçı iyulun 19-da, saat 23:00-da start götürəcək.

İdman.Biz