Dünya çempionları tarixdə ilk dəfə çempionluq üzükləri alacaqlar - VİDEO

17 İyul 2026 12:03
113
Dünya çempionları tarixdə ilk dəfə çempionluq üzükləri alacaqlar - VİDEO

DÇ-2026-nın qalibi futbol tarixində ilk dəfə xüsusi çempionluq üzükləri ilə mükafatlandırılacaq.

İdman.Biz xəbər verir ki, FIFA bu yeniliyi Şimali Amerikanın NFL və NBA kimi məşhur idman liqalarındakı çempionluq üzüyü ənənəsindən ilhamlanaraq tətbiq edəcək. Üzüklər dünya çempionluğu kuboku və qızıl medallarla yanaşı qalib komandaya təqdim olunacaq.

DÇ-2026-nın şərəfinə ümumilikdə 2026 ədəd nömrələnmiş üzük hazırlanacaq. Onlardan 30-u turnirin qalibi olan komandanın futbolçuları və məşqçilər heyəti üçün nəzərdə tutulub. Qalan 1996 üzük isə FIFA-nın rəsmi lisenziyalı məhsulu kimi dünyanın müxtəlif ölkələrində azarkeşlərin və kolleksiyaçıların ixtiyarına veriləcək.

Üzüyün bir tərəfində dünya çempionluğu kubokunun təsviri, digər tərəfində isə qalib yığmanın emblemi və fərdi dizayn elementləri yer alacaq. Hər üzük ayrıca nömrələnəcək, sahibinin barmağının ölçüsünə uyğun hazırlanacaq və həqiqilik sertifikatı ilə təqdim ediləcək.

Finaldan dərhal sonra çempion komandanın kapitanına və baş məşqçisinə mərasim üçün müvəqqəti üzüklər veriləcək. Qalib komanda üçün nəzərdə tutulan 30 fərdi üzük isə daha sonra hazırlanaraq xüsusi mərasimdə təqdim olunacaq.

İdman.Biz