Doqquz il əvvəl müəllimi idi, indi finalda rəqibi olacaq - FOTO

16 İyul 2026 16:24
98
Doqquz il əvvəl müəllimi idi, indi finalda rəqibi olacaq - FOTO

İspaniya futbol millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın finalında keçmiş tələbəsi Lionel Skaloni ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, Skaloni 2017-ci ildə İspaniya Kral Futbol Federasiyasının Las-Rosasdakı bazasında UEFA A Pro məşqçilik kursunda iştirak edib. De la Fuente isə həmin proqramda dərs deyən mütəxəssislərdən biri olub.

İspaniyalı məşqçi kurs zamanı futbolun inkişafı, taktika və komanda quruculuğu ilə bağlı dərslər keçib. RFEF-in məlumatına görə, proqramda Skaloni də daxil olmaqla 30 nəfər iştirak edib. Argentinalı mütəxəssis kursun ən yaxşı beş tələbəsi sırasında yer alıb.

Skaloni daha əvvəl De la Fuente ilə münasibətindən danışıb:

“Dostdan daha çox müəllimlərimdən biri olub. Bizə xüsusi münasibət göstərirdi. Onunla danışmaq, müzakirə və fikir mübadiləsi aparmaq mümkün idi”.

Aradan doqquz il keçəndən sonra müəllimlə tələbə dünya çempionluğu uğrunda rəqib olacaqlar. Skaloni Argentina ilə ardıcıl ikinci mundial finalına yüksəlib. O, 2022-ci ildə komandanı dünya çempionu edib.

DÇ-2026-nın İspaniya - Argentina finalı iyulun 19-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz