Argentina millisi futbol üzrə 2026-cı il dünya çempionatının finalına yüksələrək pley-off mərhələsində keçirdiyi hər oyunu əsl dözümlülük sınağına çevirib.
İdman.Biz xəbər verir ki, Lionel Skaloninin komandası turnirin “ölüm-qalım” mərhələsində dörd oyun keçirib və onların heç birində qələbəsini matçın son dəqiqələrinə qədər təmin edə bilməyib. Argentinalıların bütün həlledici qolları ya əsas vaxtın 85-ci dəqiqəsindən sonra, ya da əlavə vaxtda vurulub.
1/16 finalda Argentina turnirin ən böyük sensasiyalarından birinin qurbanına çevrilməyə çox yaxın olub. Kabo-Verde iki dəfə hesabı bərabərləşdirərək görüşü əlavə vaxta daşısa da, sonda 2:3 hesabı ilə məğlub olub. Cənubi amerikalılar qələbə qolunu yalnız əlavə vaxtda vura biliblər.
1/8 finalda vəziyyət daha da kritik həddə çatıb. Misir 2:0 hesabı ilə önə keçsə də, argentinalılar turnirin ən dramatik geridönüşlərindən birinə imza ataraq 3:2 hesablı qələbə qazanıblar. Həlledici qol isə artıq kompensasiya dəqiqələrində vurulub.
İsveçrə ilə 1/4 final görüşü də 90 dəqiqə ilə yekunlaşmayıb. Hesab 1:1 olarkən matçın taleyi əlavə vaxtda həll edilib. Argentina bu müddətdə iki dəfə fərqlənərək 3:1 hesabı ilə qalib gəlib.
Nəhayət, İngiltərə ilə yarımfinalda Skaloni komandası Entoni Qordonun qolundan sonra hesabda geri düşüb. Lakin argentinalılar 85-ci dəqiqədə tarazlığı bərpa edib, kompensasiya dəqiqələrində isə qələbə qolunu vurublar – 2:1.
Beləliklə, Argentina pley-off mərhələsində heç bir oyunda rahat qələbə qazana bilmədən finala yüksəlib. Skaloni komandası 90 dəqiqə ərzində hər zaman oyuna tam nəzarət etməsə də, titul iddiaçısı üçün ən vacib keyfiyyətlərdən birinə sahib olduğunu göstərib: səhvin qiymətinin maksimum olduğu anda tempini artırmaq bacarığına.
Bu baxımdan İspaniya ilə final xüsusilə maraqlı görünür. Həlledici oyunda matça ilk dəqiqələrdən sistemli şəkildə nəzarət edən komanda ilə məhz sonluqlarda daha təhlükəli olan kollektiv üz-üzə gələcək.
İspaniya struktur və davamlı təzyiq hesabına oyunun taleyini həll etməyə çalışır. Argentina isə artıq dörd dəfə sübut edib: final fitinə nə qədər az qalırsa, Skaloni komandası bir o qədər təhlükəli olur.
