Argentina futbol millisinin kapitanı Lionel Messi DÇ-2026-nın İngiltərə ilə yarımfinalından sonra rəqib qapıçı Cordan Pikfordun penalti qeydləri ilə tanış olub.
İdman.Biz xəbər verir ki, Argentina futbolçuları final fitindən sonra Pikfordun su şüşəsini qapının arxasından götürərək onun ətrafına toplaşıblar.
Şüşənin üzərində mümkün penaltilər seriyası üçün Argentina oyunçuları barədə qeydlər yer alıb. Messi qeydləri oxuyarkən gülümsəyib və təəccübünü gizlətməyib.
Sosial şəbəkələrdə yayılan dodaq oxuma versiyasına əsasən, Niko Qonsales şüşəni komanda yoldaşlarına göstərərək deyib:
“Baxın nə tapmışam. Burada Lautaro, Xulian və digərləri haqqında qeydlər var”.
Daha sonra ingilis dilini bilən Markos Senesi yazılanları oxuyub:
“Burada qapıçının hansı tərəfə tullanmalı olduğu qeyd edilib”.
Messi özü barədə soruşduqda isə Senesi, “sənin üçün yazılıb ki, sola aldadırsan, amma sağa vurursan”, - deyə bildirib.
Messi Pikfordun onun penaltilərini bu qədər detallı analiz etməsinə təəccüblənib:
“Deməli, qapıçı mənim penaltiləri necə vurduğumu ciddi şəkildə araşdırıb”.

Qeyd edək ki, görüntülər qarşılaşmadan əvvəl deyil, Argentina millisinin İngiltərəyə 2:1 hesabı ilə qalib gəldiyi yarımfinaldan sonra qeydə alınıb. Matç normal vaxtda başa çatdığı üçün Pikford hazırladığı qeydlərdən penaltilər seriyasında istifadə edə bilməyib.
