Elmar Baxşıyev: “Yarımfinaldakı komandaların hər biri dünya çempionu olmaq gücündədir”

13 İyul 2026 17:13
87
Elmar Baxşıyev: “Yarımfinaldakı komandaların hər biri dünya çempionu olmaq gücündədir”

“ABŞ, Meksika və Kanadada keçirilən futbol üzrə dünya çempionatının yarımfinalına yüksələn komandaların hər biri qızıl medal qazanmaq gücündədir”.

Bunu “Araz-Naxçıvan” futbol klubunun sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

45 yaşlı mütəxəssis bu mərhələdəki dörd kollektivdən üçünün Avropanı təmsil etdiyini xatırladıb.

“Yarımfinalda üç Avropa komandası var. Bu da onu göstərir ki, “köhnə qitə”də futbol daha da inkişaf edir. Amma dörd millinin hamısı dünya çempionu olmaq gücündədir”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

E.Baxşıyevin sözlərinə görə, hansısa yığmanın finala yüksələcəyini proqnozlaşdırmaq çətindir:

“Mundialdakı son oyunlar onu göstərir ki, öncədən hansısa komandanı favorit göstərmək mümkün deyil. Məncə, daha şanslı millilər həlledici qarşılaşmaya vəsiqə qazanacaqlar. Güc nisbətləri eyni olduğu üçün burada daha çox psixoloji və şans amili rol oynayacaq”.

Xatırladaq ki, yarımfinal mərhələsinin Fransa - İspaniya oyunu iyulun 14-də, İngiltərə - Argentina matçı isə 15-də keçiriləcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.

İdman.Biz