Vəli Qasımov: “Ronaldu dünya çempionu ola bilməsə də, artıq öz sözünü deyib”

7 İyul 2026 17:36
74
Vəli Qasımov: “Ronaldu dünya çempionu ola bilməsə də, artıq öz sözünü deyib”

“Dünənki oyun doğrudan da çox maraqlı keçdi. İspanlar bəlkə də ilk hissədə gözlənilən performansı tam nümayiş etdirə bilmədilər. Portuqaliya oyuna daha üstün və yaxşı başlamışdı”.

Bu sözləri Azərbaycanın veteran futbolçusu Vəli Qasımov dünya çempionatı ilə bağlı danışarkən deyib.

Vaxtilə həm İspaniya, həm də Portuqaliyada oynamış keçmiş hücumçu hər iki komandanın qələbəyə layiq olduğunu bildirib.

“Ancaq mən şəxsən İspaniya komandasına azarkeşlik etdiyim üçün məhz onların mərhələni keçməsini istəyirdim və elə də oldu. Kriştianu Ronaldu məsələsinə gəldikdə isə o, artıq bu mövzuda öz sözünü deyib. Heyif ki, turnirdə daha irəli gedə bilmədi. Amma Ronaldu hər zaman Ronaldu olaraq qalır və millidəki karyerası ilə bağlı son nöqtəni vaxtında qoymağı bacardı”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

O, hazırkı dünya çempionatında favoritlərin sayının kifayət qədər çox olduğunu söyləyib:

“İspaniya bəlkə də turnirə ideal başlamadı, lakin son oyunlarını nəzərə alsaq, onların olduqca təhlükəli, sistemli və yaxşı bir komanda olduğunu görmək olar. Fikrimcə, İspaniyanın bu çempionatda qalib gəlmək üçün böyük şansı və potensialı var”.

Vəli Qasımov Braziliya millisinin 1/8 finalda Norveçə 1:2 hesabı ilə məğlub olmasını sensasiya adlandırıb: “Norveç tam fərqli oyun üslubu ilə Braziliyanı keçməyi bacardı. Sanki “sambaçılar” matça tam hazır deyildilər”.

Mütəxəssis 1/8 final mərhələsinin Argentina–Misir və İsveç–Kolumbiya matçlarına da toxunub: “Argentina aşkar favoritdir. Lionel Messi hələ də mundialda öz çıxışını davam etdirir və komandasını irəli aparır. Hər iki matçda Cənubi Amerika təmsilçilərinin kağız üzərində üstün olduğunu deyərdim. Amma son vaxtlar komandalar keyfiyyətlərini çox artırıblar. Kimin qalib gələcəyini öncədən demək çətindir”.

Onun sözlərinə görə, bu mundial bir az fərqli və qeyri-adi keçir:

“Çox adamla bu barədə danışıram; bir çox azarkeş oyunları saat fərqinə görə tam izləyə bilmir. Maraqlı matçları gecə saatlarında göstərdikləri üçün onlara baxmaq böyük əziyyət tələb edir. İnsanlar imkan tapdıqca oyunlara baxmağa çalışırlar. Bəlkə də bu vaxtlar bizim rejimə uyğun deyil, amma hər bir halda oyunlar çox maraqlı idarə olunur. Görünür ki, bəzi ölkələr öz futbol səviyyələrini xeyli artırıblar və bu da çempionata xüsusi rəng qatır”.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

İdman.Biz