Paraqvay Xarici İşlər Nazirliyi ölkə hökuməti adından senator Seleste Amarilyanın Paraqvay millisi ilə oyundan sonra Fransa millisinin hücumçusu Kilian Mbappeyə qarşı sərt açıqlaması ilə bağlı şərh dərc edib.
İdman.Biz bildirir ki, matç 1:0 Fransanın xeyrinə qurtarıb.
“Paraqvay Respublikası Hökumətinin bəyanatı.
Paraqvay Respublikası Hökuməti Senator Seleste Amarilyanın Fransa milli komandasının kapitanı Kilian Mbappeyə qarşı verdiyi açıqlamalara görə təəssüf və qınaq ifadə edir. Bu açıqlamalar ölkəmizin təşviq etdiyi dinc yanaşı yaşama və insan şəxsiyyətinə hörmət dəyərlərinə və prinsiplərinə ziddir.
Paraqvay hakimiyyətlərin ayrılması və müstəqilliyi prinsipinə əsaslanan demokratik respublikadır. Bu kontekstdə, bu qanunvericinin verdiyi açıqlamalar Qanunvericilik Assambleyasının üzvü kimi yalnız onun məsuliyyətidir və Paraqvay hökumətinin və ya xalqının mövqeyini əks etdirmir.
Paraqvay hökuməti insan hüquqlarının, bərabərliyin və insanlar arasında qarşılıqlı hörmətin üstünlüyünə, irqçilik, ksenofobiya, dözümsüzlük və hər hansı bir nifrət və ya ayrı-seçkiliyə qarşı mübarizəyə qəti sadiqliyini bir daha təsdiqləyir.
Bundan əlavə, bu açıqlamalardan təsirlənənlərlə həmrəyliyimizi bildiririk və Paraqvayın tarixi dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma münasibətlərini qoruduğu Fransa xalqına hörmətimizi bir daha ifadə edirik", - deyə Paraqvay Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Daha əvvəl Amarilya Mbappe haqqında xoşagəlməz danışmış və Paraqvay milli komandasını DÇ-2026-nın 1/8 final matçından sonra ona şillə vurmadığına görə tənqid etmişdi.
Amarilya Mbappeni “fransız olmaq istəyən kamerunlu kölə, özündənrazı varlı eybəcər” adlandırmışdı.
“O qorxaq və savadsızdır. Ana südü əvəzinə kokos südü içib”, - Amarilya deyib.
