Belçika millisi futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində ABŞ üzərində 4:1 hesablı inamlı qələbə qazanaraq 1/4 finala yüksəlib.
İdman.Biz xəbər verir ki, Sietldə keçirilən qarşılaşma meydan sahibləri üçün uğursuz başlayıb. Matçın 9-cu dəqiqəsində Şarl de Ketelare cərimə meydançasında yaranan boşluqdan yararlanaraq hesabı açıb.
ABŞ millisi 31-ci dəqiqədə hesabı bərabərləşdirib. Malik Tillman cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasına ümid verib. Lakin bərabərlik cəmi iki dəqiqə davam edib. De Ketelare yenidən fərqlənərək dublunu rəsmiləşdirib və Belçikanı yenidən önə keçirib – 2:1.
Fasilədən sonra belçikalılar oyuna tam nəzarət ediblər və rəqibin müdafiədə buraxdığı səhvlərdən maksimum yararlanıblar. Matçın 57-ci dəqiqəsində Hans Vanaken hesab arasındakı fərqi artırıb. Əlavə olunmuş vaxtda isə sonradan meydana daxil olan Romelu Lukaku yekun hesabı müəyyənləşdirib – 4:1.
Beləliklə, Belçika 1/4 finala yüksələrək İspaniyaya rəqib olub. ABŞ millisi isə doğma meydanda keçirilən dünya çempionatı ilə 1/8 final mərhələsində vidalaşıb.
