Keyruş Qana millisindən ayrıldı: “Yol indi başlayır”

6 İyul 2026 07:13
105
Keyruş Qana millisindən ayrıldı: “Yol indi başlayır”

Qana futbol millisinin baş məşqçisi Karluş Keyruş postundan ayrılıb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis qərarını sosial şəbəkə hesabında açıqlayıb.

O, Qana millisində çalışmaqdan qürur duyduğunu bildirib:

“Futbol da həyat kimi bizə bir əbədi dərs verir: ya qalib gəlirsən, ya da öyrənirsən. Bu yolu əldə etdiklərimizə görə qürur hissi ilə başa vururam. Amma eyni zamanda daha artığına can atan insanların sağlam narazılığını da yaşayıram.

Daha yüksək səviyyəyə qalxmaq heç vaxt son məqsəd olmamalıdır. Bu, daha iddialı hədəflər üçün başlanğıc nöqtəsinə çevrilməlidir”.

Keyruş “Qara ulduzlar”ın gələcəyinin yalnız meydanda qurulmadığını vurğulayıb:

“Bu komandanın uğuru meydandan kənarda başlamalıdır. Qananın böyük futbol istedadlarının hazırlanması, qorunması və inkişafı üçün ən yaxşı şərait yaradılmalıdır.

Prezidentə və Futbol Federasiyasının rəhbərliyinə Qana milli komandasına xidmət etmək imkanı verdiklərinə görə böyük təşəkkür edirəm. Bu ölkəyə və “Qara ulduzlar”a xidmət etmək mənim üçün şərəf idi”.

73 yaşlı mütəxəssis futbolçulara, məşqçilər korpusuna və azarkeşlərə də təşəkkür edib:

“İdman nəticələrindən tam razı qala bilmərik. Amma Qananın rənglərini layiqincə təmsil etdiyimizi və “Qara ulduzlar”a ən böyük futbol səhnəsində hörmət və nüfuz qaytardığımızı qürurla deyə bilərik. Təşəkkürlər, Qana. Yol indi başlayır”.

Qeyd edək ki, Qana DÇ-2026-nın qrup mərhələsində Panamanı 1:0 hesabı ilə məğlub edib, İngiltərə ilə qolsuz heç-heçə oynayıb və Xorvatiyaya 1:2 uduzub. Komanda 1/16 finalda Kolumbiyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

İdman.Biz