İspaniya futbol millisinin yarımmüdafiəçisi Qavi Portuqaliya yığması ilə oyun barədə danışıb.
İdman.Biz xəbər verir ki, futbolçu rəqibin güclü heyətə malik olduğunu bildirib.
“Portuqaliya bu turnirdə qarşılaşdığımız ən güclü rəqibdir. Yaxşı futbolçuları olan əla milli komandadır. Çox istəyirəm ki, bu matç artıq başlasın”, - deyə Qavi söyləyib.
Qavi İspaniya millisinin oyuna psixoloji cəhətdən hazır olmasının vacibliyini vurğulayıb:
“Ümid edirəm ki, İspaniya yığması bizi gözləyən işə, baş məşqçinin planına mənəvi olaraq hazırdır. Hamımız birlikdə bu pley-off matçında qələbə üçün mübarizə aparmalıyıq.
Portuqaliyanın yarımmüdafiə xəttində çox yaxşı oyunçular var. Amma bizdə də həm start heyətində yer alan, həm də ehtiyatda olan çox güclü futbolçular mövcuddur”.
O, hazırkı İspaniya millisinin əvvəlkindən daha balanslı olduğunu deyib:
“Bu İspaniya millisi hər mövqedə daha balanslıdır. Bir çoxumuzun vacib oyunlarda artıq daha böyük təcrübəsi var. Komanda əvvəlkindən daha sıx birləşib. Bu birliyi yaratmaq çox vacibdir”.
Qavi Portuqaliya millisinin müdafiəçisi Joau Kanselu ilə oyun öncəsi danışmadığını da bildirib:
“Portuqaliya ilə matçdan əvvəl Joau Kanselu ilə danışmamışam. Düşünürəm ki, ikimiz də öz milli komandamıza və qələbəyə köklənmişik”.
Futbolçu oyun üslubu ilə bağlı tənqidlərə də münasibət bildirib:
“Bəlkə də çoxları uğursuzluğumu gözləyir. Çünki mən mübarizəyə cəsarətlə girən futbolçuyam və ola bilsin, çoxlarının belə oyunçulardan xoşu gəlmir. Özümü meydanda bir çox xüsusiyyəti olan çox yönlü futbolçu hesab edirəm. Ən yaxşı cəhətim rəqabət aparmaq bacarığım və meydanda göstərdiyim intensivlikdir. Mən heç vaxt dəyişməyəcəyəm. Bilirəm ki, məndən məhz belə oyun gözləyən insanlar həmişə olacaq”.
