Holand DÇ-2026-da vurduğu qollarla Messi və Mbappeyə çatdı

6 İyul 2026 03:09
81
Holand DÇ-2026-da vurduğu qollarla Messi və Mbappeyə çatdı

Norveç futbol millisinin hücumçusu Erlinq Holand DÇ-2026-da Braziliya ilə oyunda dubl edərək həm komandasını 1/4 finala daşıyıb, həm də tarixi göstəriciyə imza atıb.

İdman.Biz xəbər verir ki, Stole Solbakkenin komandası favoritlərdən sayılan rəqibini 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Norveç millisinin heyətində Erlinq Holand dubl edib. Braziliyanın yeganə qolunu isə Neymar penaltidən vurub.

Bu qollar Holand üçün xüsusi göstərici ilə yadda qalıb. Norveçli hücumçu 21-ci əsrdə ilk dünya çempionatında meydana çıxdığı ilk dörd oyunun hamısında qol vuran ilk avropalı futbolçu olub.

Buna sonuncu dəfə 1998-ci ildə İtaliya millisinin sabiq hücumçusu Kristian Vyeri nail olub.

Holand DÇ-2026-da əvvəlcə İraqla matçda iki qol vurub. Daha sonra Seneqal qarşısında dubl edən forvard 1/16 finalda Fil Dişi Sahilinin qapısına da yol tapıb. Braziliya ilə 1/8 final görüşündə isə o, daha iki dəfə fərqlənib.

Bu dubl sayəsində Holand turnirdə qollarının sayını yeddiyə çatdırıb. O, bombardirlər yarışında Kilian Mbappe və Lionel Messi ilə birinci yeri bölüşür. Fransa və Argentina millisinin ulduzları da DÇ-2026-da hərəyə yeddi dəfə fərqləniblər.

Qeyd edək ki, Norveç 1/4 finalda Meksika - İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Braziliya isə mundialla vidalaşıb.

İdman.Biz