Tuxel “Viaqra” iddialarına münasibət bildirdi

5 İyul 2026 17:09
108
Tuxel “Viaqra” iddialarına münasibət bildirdi

İngiltərə futbol millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/8 finalında Meksika ilə oyun öncəsi komandanın “Viaqra”dan istifadə edə biləcəyi ilə bağlı iddialara münasibət bildirib.

İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis futbolçuların yüksəkliyin təsirini hiss etdiyini, lakin bunun ciddi problem olmadığını deyib.

“Yüksəkliyin təsirini məşq etmədən də hiss edirik. Bir az başım ağrıyırdı, əvvəlki günlərdə olduğu kimi yaxşı yata bilmədim. Amma bu, öhdəsindən gəlinməyəcək və uyğunlaşmaq mümkün olmayan bir şey deyil. Düşünürəm ki, futbolçular bunu məşqin əvvəlində hiss etdilər. Reallıq budur”, - deyə Tuxel bildirib.

İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson isə yayılan iddialara zarafatla cavab verib:

“Bəli, “Viaqra” kömək etdi. Zarafat edirəm. Bu, zarafat idi”, - deyə Henderson söyləyib.

Qeyd edək ki, daha əvvəl mətbuatda İngiltərə millisinin “Atsteka” stadionunda keçiriləcək Meksika ilə oyundan əvvəl yüksəkliyə uyğunlaşmanı asanlaşdırmaq üçün sildenafil maddəsindən istifadə edə biləcəyi iddia olunub. “Viaqra”nın təsiredici maddəsi olan sildenafil Dünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələr siyahısına daxil deyil.

İdman.Biz