Meksika və İngiltərə milliləri bu gecə futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsinin ən çox gözlənilən oyunlarından birinə çıxacaqlar. Qarşılaşma Mexikoda, əfsanəvi “Atsteka” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 04:00-da başlayacaq. Bu cütün qalibi 1/4 finalda Braziliya - Norveç duelinin güclüsü ilə üz-üzə gələcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma təkcə afişasına görə maraqlı deyil. Meksika üçün İngiltərə ilə oyun 40 ildən sonra ilk dəfə dünya çempionatının 1/4 finalına çıxmaq şansıdır. Meksikalılar sonuncu dəfə bu mərhələyə 1986-cı ildə, yenə də ev sahibliyi etdikləri mundialda yüksəlmişdilər. İndi Xavyer Aqirrenin komandası yenidən doğma meydanda, yenidən Mexikoda oynayır və bütün ölkə onlardan sadəcə layiqli mübarizə deyil, tarixi addım gözləyir.
Meksika oyuna, bəlkə də, son illərin ən yaxşı vəziyyətində çıxır. Turnirin ev sahibləri DÇ-2026-da keçirdikləri dörd oyunun hamısında qalib gəlib və hələ bir qol belə buraxmayıblar. Dünya çempionatlarında ilk dörd matçdan sonra qapısını toxunulmaz saxlamaq daha əvvəl yalnız iki komandaya nəsib olub - 1986-cı ildə Braziliyaya və 1990-cı ildə İtaliyaya. 1/16 finalda Ekvador üzərində 2:0 hesablı qələbə isə Meksikanın mundialların pley-off mərhələsində 1986-cı ildən bəri ilk uğuru oldu.
İngiltərə isə əvvəlki raundu gözləniləndən daha çətin keçdi. Tomas Tuxelin komandası DR Konqo ilə oyunda hesabda geri düşsə də, Harri Keynin gec dublu sayəsində 2:1 hesablı qələbə qazandı. Bu matç indiki İngiltərənin iki tərəfini bir daha göstərdi: adlara baxanda turnirin ən güclü komandalarından biridir, amma oyun baxımından hələ zəif nöqtəsi olmayan mexanizm təsiri bağışlamır.
Əsas xarici amil “Atsteka”dır. İngilislər Mexikoya yalnız cümə günü gəliblər, yəni təxminən 2200 metr hündürlüyə uyğunlaşmaq üçün çox az vaxtları olub. Tuxel futbolçuların hündürlüyü artıq ilk məşqdə hiss etdiyini söyləyib. Bununla belə, o vurğulayıb ki, İngiltərə yüksəklik fırqini bəhanə kimi istifadə etmək niyyətində deyil. Baş məşqçinin sözlərinə görə, komanda Mexikoya “revanş üçün” yox, öz tarixini yazmaq üçün gəlib.
İngiltərə üçün kontekst həqiqətən də xüsusidir. Bu, ingilislərin “Atsteka”da 1986-cı il dünya çempionatının Argentina ilə 1/4 finalından sonra ilk rəsmi matçıdır. Həmin oyun Dieqo Maradonanın “Tanrının əli” və möhtəşəm solo qolu ilə futbol tarixinə düşmüşdü. Amma Tuxel komandasını tarixi emosiyalardan uzaq tutmağa çalışır. Onun üçün əsas məsələ keçmiş yox, İngiltərənin təzyiqə, stadiona, hündürlüyə və Meksikanın tempinə necə cavab verəcəyidir.
Meksika isə bu oyuna təkcə özü üçün çıxmır. Ekvador üzərində qələbədən sonra ölkədə əsl eyforiya yaranıb və Aqirre futbolçuları yerdə saxlamağın vacibliyini ayrıca vurğulayıb. O, komanda ətrafında böyük emosional fon olduğunu qəbul edir, amma əsas vəzifəsinin oyunçulara işin artıq bitdiyini düşünməyə imkan verməmək olduğunu bildirir. Əslində, ev sahibləri üçün əsas psixoloji çağırış da budur: bütün ölkənin “həqiqət anı” kimi qəbul etdiyi matçda yanmamaq.
Futbol baxımından Meksika üçün əsas sual aydındır - Harri Keyn. Aqirre İngiltərə kapitanını dünya səviyyəli fiqur adlandırıb və vurğulayıb ki, onunla yalnız mərkəz müdafiəçilərinin gücü hesabına mübarizə aparmaq olmaz. Meksikalılar Keynə kollektiv şəkildə mane olmağı planlaşdırırlar, xüsusən də o, geriyə çəkilib hücumları qurmağa başlayanda. Hücumçu bu dünya çempionatında artıq beş qol vurub, mundiallardakı ümumi qol sayını isə 13-ə çatdıraraq İngiltərənin turnir tarixində ən məhsuldar futbolçusuna çevrilib.
Amma Meksikanın da cavab verməyə silahları var. Raul Ximenes Premyer Liqada çıxışlarına görə İngiltərə futbolunu çox yaxşı tanıyır, Xulian Kinyones isə turnirin parlaq simalarından birinə çevrilib. İngiltərəli ekspert Klinton Morrison Kinyonesin sol cinahda yaratdığı təhlükəni, Ximenesin yenidən yüksək səviyyəyə qayıtmasını və gənc Xilberto Moranın enerjisini ayrıca qeyd edib. İngiltərə üçün bu, xüsusilə vacibdir, çünki Tuxelin komandasının müdafiəsinin sağ cinahı hələ də problemli zona kimi görünür.
İngiltərənin heyət durumu da ideal deyil. Ris Ceyms arxa bud əzələsindəki problemə görə son oyunları buraxıb və onun start heyətində meydana çıxması az ehtimal olunur. Topuğunda narahatlıq yaşayan Carrell Kuanza isə tam məşqlərə qayıdıb və müdafiənin sağ cinahı üçün variantlardan biri ola bilər. Tuxel üçün bu, xırda detal deyil: intensiv oynayan və topu qazandıqdan sonra sürətlə hücuma keçən Meksikaya qarşı zəif cinah əsas təzyiq nöqtəsinə çevrilə bilər.
Meksika tərəfində isə oyun ərəfəsində zədə və ya diskvalifikasiya səbəbindən təsdiqlənmiş itki yoxdur. Bununla belə, Aqirreni hücum xətti və yarımmüdafiədə vacib seçim gözləyir: gənc Moranı start heyətində saxlamaq, yoxsa daha təcrübəli variantlara üstünlük vermək? Belə matçda qərarın qiyməti adi oyundan daha yüksəkdir. Meksika həm cəsarətini itirməməli, həm də Bellinqem, Saka, Qordon və ya Reşfordun sürətli hücumları üçün İngiltərəyə boşluq verməməlidir.
Taktiki baxımdan bu, sanki iki fərqli ideyanın toqquşmasıdır. Tuxelin İngiltərəsi daha çox nəzarətə, topa sahib olmağa və fərdi qərarların keyfiyyətinə əsaslanır. Aqirrenin Meksikası isə intensivlik, vertikal hücumlar, stadionun təzyiqi və topu qazandıqdan sonra irəli sürətli keçidlərlə təhlükə yaradır. “ESPN Deportes” bu cütü məhz iki fərqli yanaşmanın dueli kimi təqdim edir: Meksika komanda oyununa, hündürlüyə və Aqirrenin seçimlərinə inanır, İngiltərə isə ulduzlarının səviyyəsinə və “Atsteka” atmosferinə tab gətirmək bacarığına güvənir.
Bu oyunda daha bir simvolik məqam da var. “Atsteka” üçün bu, hazırkı dünya çempionatında son matç olacaq. Bundan sonra turnirin əsas ağırlığı ABŞ-yə keçəcək. Dünya futbolunun böyük səhifələrinə şahidlik etmiş stadion daha bir böyük gecə yaşayacaq. Bu gecə ya Meksika bayramına, ya da İngiltərənin çempionluq ambisiyalarını təsdiqləyən oyuna çevriləcək.
Bukmekerlər isə ehtiyatla üstünlüyü İngiltərəyə verirlər. TSN-in məlumatına görə, Tuxelin komandasının əsas vaxtda qələbəsinə əmsal 2.37, heç-heçəyə 3.20, Meksikanın qələbəsinə isə 3.25 olub. İngiltərənin 1/4 finala çıxmasına 1.70, Meksikanın mərhələ adlamasına isə 2.16 əmsal verilib. Yəni bazar ingilisləri favorit sayır, amma bu oyunu onlar üçün asan keçid kimi görmür.
İntriqa da məhz bundadır. İngiltərə adlara görə daha güclü, heyət dərinliyinə görə daha zəngin komandadır və bir epizodla matçı həll edə bilən Harri Keynə malikdir. Amma Meksika evdə oynayır, qol buraxmır, turnirin ritmini tutub və “Atsteka”dan nəhəng enerji alır. Tuxel üçün bu, narahat oyunu gözəllikdən çox nəticə ilə keçmək bacarığının sınağıdır. Aqirre üçün isə 40 illik baryeri qırmaq və uğurlu ev mundialını tarixi turnirə çevirmək şansıdır.
