Futbol üzrə Portuqaliya millisinin ulduz hücumçusu Kriştianu Ronaldu Xorvatiya ilə oyun üçün gəldiyi Kanadanın Toronto şəhərində böyük tıxac və ajiotaj yaradıb.
İdman.Biz xəbər verir ki, minlərlə kanadalı azarkeş Portuqaliya millisinin məskunlaşdığı beşulduzlu otelin ətrafına toplaşıb. Vəziyyət o həddə çatıb ki, bələdiyyə xidmətləri izdihamı nəzarətdə saxlaya bilməyib.
41 yaşlı futbolçu bir neçə saniyəlik otel otağının pəncərəsinə yaxınlaşaraq aşağıda toplaşan azarkeşləri salamlayıb və onlara əl yelləyib. Bu qısa jest izdiham arasında böyük coşqu yaradıb. Həmin anda avtomobil idarə edən bəzi azarkeşlər maşınlarını yolun ortasında saxlayaraq telefonları ilə Ronaldunu görüntüləmək üçün küçəyə qaçıblar. Nəticədə şəhərin həmin hissəsində dərhal böyük tıxac yaranıb.
Yaranmış vəziyyətlə əlaqədar Toronto Polis Departamenti əraziyə əlavə patrul əməkdaşları və xüsusi təyinatlı qüvvələr göndərib. Onların müdaxiləsindən sonra izdihamın nəzarət altına alınmasına və nəqliyyatın hərəkətinin bərpasına nail olunub.
