ABŞ millisi futbol üzrə dünya çempionatı-2026-nın 1/16 final mərhələsində Bosniya və Herseqovina yığmasını 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
İdman.Biz xəbər verir ki, Santa-Klarada keçirilən görüş meydan sahibləri üçün heç də rahat başlamayıb. Bosniya və Herseqovina yığması ilk dəqiqələrdən fəal təsir bağışlayaraq Mett Frizin qoruduğu qapı qarşısında bir neçə təhlükəli epizod yaradıb. Lakin ABŞ millisi başlanğıc təzyiqini dəf edərək tədricən oyuna nəzarəti ələ alıb.
İlk hissənin həlledici anı 45-ci dəqiqədə yaşanıb. Folarin Baloqan yaranan imkanı dəqiq dəyərləndirərək komandasını hesabda önə çıxarıb – 1:0. Bu qol fasilədən sonra oyunun gedişinə də təsir göstərib və ABŞ-lilər üstünlüyü qorumağa hesablanmış daha ehtiyatlı futbol nümayiş etdiriblər.
İkinci hissədə meydan sahiblərinin işi çətinləşib. Matçın 64-cü dəqiqəsində Baloqan birbaşa qırmızı vərəqə alıb və ABŞ millisi təxminən yarım saat azlıqda mübarizə aparmalı olub. Bosniya və Herseqovina yığması say üstünlüyündən yararlanmağa çalışsa da, bunu real təhlükəyə çevirə bilməyib.
Görüşün taleyinə isə 82-ci dəqiqədə Malik Tillman nöqtə qoyub. O, cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasının üstünlüyünü iki topa çatdırıb və yekun hesabı müəyyənləşdirib – 2:0.
Beləliklə, ABŞ millisi 1/8 finala yüksəlib və növbəti mərhələdə Belçika ilə qarşılaşacaq.
ABŞ-lilər üçün bu qələbə təkcə nəticə baxımından deyil, həm də xarakter nümayişi baxımından əlamətdar olub. Komanda azlıqda qalmasına baxmayaraq, qapısını toxunulmaz saxlayaraq doğma mundialda mübarizəsini davam etdirib.
