Yuri Vernidub: “DÇ-2026-nın ən böyük məyusluğu Almaniyadır”

1 İyul 2026 19:34
103
Yuri Vernidub: “DÇ-2026-nın ən böyük məyusluğu Almaniyadır”

“Mundialın əvvəlində də Fransa və Argentinanı çempionluğa əsas namizədlər hesab edirdim. Hazırda da bu fikirdəyəm. Hər iki komanda yüksək səviyyə nümayiş etdirir”.

İdman.Biz bildirir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub sport-express.ua-ya deyib.

"Turnirdən əvvəl çoxları çempionatın maraqsız olacağını deyirdi, amma indi çox yaxşı bir mənzərə ortaya çıxır. Almaniya uduzursa, bu, maraqlı deyilmi? İki Avropa nəhəngi - Almaniya və Niderland artıq mübarizədən kənarlaşdırılıb və heç kim bunu gözləmirdi. Amma futbolun gözəlliyi də elə budur - hər il getdikcə daha da gözlənilməz hala gəlir. Oyunun dünya miqyasında populyarlığı öz işini görür. Futbol bir nömrəli idman növüdür", - Vernidub bildirib.

O, mundialın ən yaxşı futbolçusu adına əsas namizədlər kimi argentinalı Lionel Messi və fransalı Usman Dembeleni göstərib: “Messinin hazırkı formasına baxın, kim nə deyirsə desin! Üç oyun, altı qol! 39 yaşında bu səviyyədə oynamaq çox şey deyir. Onun bu qədər “Qızıl top” mükafatına layiq görülməsi təəccüblü deyil. Artıq sayını da itirmişəm. Buna görə də onu izləmək çox maraqlıdır. Fransalı Usman Dembeleni də qeyd etmək istərdim. O, Norveçə qarşı son matçda üç qol vurdu.

Düşünürəm ki, dünya çempionatının ən yaxşı oyunçusu ya Dembele, ya da Messi olacaq. Bu iki hücumçu oyunçunu çox bəyənirəm. Əvvəllər Lamin Yamalın adını çəkmişdim. Düşünürdüm ki, gənc və iddialı oyunçu 2026-cı il dünya çempionatnda daha da açılışacaq, amma hələ ki işləri yaxşı getmir. Ronaldu isə qol vurmağa davam edir. Amma mənim seçimlərim Messi və Dembeledir”.

Yuri Vernidub turnirin sürpriz komandaları sırasında Mərakeş, Norveç və Yaponiya millilərini xüsusi qeyd edib:

“Mərakeş çox yaxşı komandadır. Onlar son çempionatın yarımfinalına qədər yüksəliblər və təsir bağışlamağa davam edirlər. Norveçlilər də var, onlar olduqca yaxşı görünürlər. Yaponları da çox bəyəndim. Onlar intizamlı futbol oynadılar, aydın 3-4-3 taktikasına sahib idilər və özlərini evdəki kimi hiss edirdilər. Bütün oyunçular sürətli və texniki cəhətdən bacarıqlıdırlar. Yaponların 96-cı dəqiqədə Braziliya tərəfindən məğlub edilməsi təəssüf doğurur, amma mən onları mütləq qeyd edərdim.

Almaniya ən böyük məyusluq idi. Onların daxili liqası ən yaxşılardan biridir və həmişə ilk beşlikdə yer alır, lakin onlar ardıcıl üçüncü dəfə dünya çempionatının dörddəbir finalına çıxa bilməyiblər. Beləliklə, hər şey o qədər də sadə və asan deyil. Həmçinin Niderland da. Çoxları ən azı dörddəbir finala çıxacaqlarını düşünürdü, amma artıq mübarizədən kənarlaşdırılıblar”.

İdman.Biz